Azərbaycan, Bakı, 17 iyun /Trend/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın Kulevi şəhərində yerləşən Qara dəniz terminalından 5 milyon ton neft və neft məhsulları yüklənib. Bu barədə terminalın məlumatında deyilir.
"Biz şadıq ki, hazırda Kulevi neft terminalı 5 milyon ton neft və neft məhsulları yüklərini dövr etmək qabiliyyətinə çatıb", - məlumatda qeyd olunub.
Cari ildə terminal Bakıdan dəmiryol vasitəsilə çatdırılan Qazaxıstanın "Tengiz" yatağındakı neftin yüklənməsini həyata keçirib.
"Terminal "Təhlükəsiz! Zərərsiz! Effektiv!" şüarına sadiq qalmaqla xeyli tərəfdaş toplaya bilib. Nəticədə biz əsas məqsədimiz - maksimal yük dövriyyəsi səviyyəsinə daha da yaxınlaşmışıq", - məlumatda vurğulanır.
Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin boşaldılıb-yüklənməsinin ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.
Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsü nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sistern boşaldılması mümkündür.
Bundan əvvəl Gürcüstan hökumətinin məlumatında göstərildiyi kimi, 2009-cu ildə Kulevi neft terminalı 2008-ci ildəki 1,3 milyon tonla müqayisədə 2,1 milyon ton neft yükləyib. Ötən il terminalda 99 gəmi yüklənilib. 2008-ci ildə bu rəqəm 65 gəmi olub.