Türkmənistan, Aşqabad, 11 dekabr /Trend, müxbir H.Həsənov/
Şənbə günü Aşqabadda üç Asiya dövlətinin başçısı və Dehlidən yüksəkvəzifəli nümayəndənin iştirakının planlaşdırıldığı Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin inşası layihəsi üzrə yüksək səviyyəli Aşqabad sammiti öz işinə başlayır.
Rəsmi Türkmənistan mənbəsinin məlumat verdiyi kimi, şənbə günü Aşqabadda Əfqanıstan Prezidenti Həmid Kərzayi, artıq Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovlə görüşən Pakistan Prezidenti Asif Əli Zərdari və Hindistanın neft və təbii qaz naziri Murli Deor görüşəcəklər.
"Bu yüksəksəviyyəli görüş Asiya qitəsində böyük energetika layihələrindən biri - TAPI qaz kəməri layihəsinin praktiki olaraq həyata keçirilməsinin başlanğıcını qoymağa yönəldilib", - şənbə günü "Neytral Türkmənistan" qəzeti yazıb.
Qaz kəmərinin uzunluğu 1 680 kilometr, layihə gücü isə ildə 30 milyard kubmetr təbii qaz təşkil edir.
Marşrut Herat , Qəndəhar (Əfqanıstan) və Kvetta (Pakistan) rayonundan keçməklə, Türkmənistanın "Dövlətabad" yatağından Hindistan-Pakistan sərhədindəki Fazilaka məntəqəsinə kimi planlaşdırılıb. Eyni zamanda, layihə çərçivəsində dünyada 21 trilyon kubmetr qaz ehtiyatları ilə beşliyə daxil olan "Eloten" yatağının xammal bazasının olacağı da istisna deyil.