Azərbaycan, Bakı, 25 yanvar/Trend/
"AAS-EKOL" QSC Fransanın "Total" şirkətinin Xəzərdə apardığı qazma işləri nəticəsində formalaşan qazma şlamının bioremediasiyasını aparacaq. Bu barədə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir. QSC Niderlandın "AA Servicess" şirkəti ilə birlikdə "AAS-EKOL"un həmtəsisçisi qismində çıxış edir.
"Total" şirkəti pespektivli "Abşeron" strukturunun kəşfiyyatı və işlənilməsi üzrə layihənin iştirakçılarından biridir. "Abşeron" blokunun iştirakçıları ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suezdir - 20 faiz. Strukturda qazma işləri cari ilin yanvarında başlayıb.
"AAS-EKOL" "Total"ın qazma şlamının bioremediasiyası üzrə tenderinin qalibi olub.
Layihənin həyata keçirilməsinə cari ilin fevralında başlanılması nəzərdə tutulub. Layihə çərçivəsində 3,3 min tona qədər qazma şlamının bioremediasiyası nəzərdə tutulub.
Hazırlıq işləri ilə tanış olmaq üçün "AAS-EKOL"un nümayəndələri, eləcə də QSC-nin həmtəsisçiləri "Qızıl daş" poliqonunda olublar. Qazma şlamı "Total" şirkəti tərəfindən xüsusi konteynerlər və gəmilərlə sahilə, oradan isə nəqliyyat vasitələri ilə poliqona daşınacaq. Konteynerlər operativ olaraq müvəqqəti tutumlara boşaldıqdan sonra yuyularaq növbəti daşınmalar üçün təhvil veriləcək.
"AAS-EKOL" qeydiyyatdan 2010-cu ilin fevralında keçib.
"Abşeron" bloku Bakın 100 kilometrliyində suyun 500 metr dərinliyində yerləşir. ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geoloqlarının qiymətləndirmələrinə əsasən, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər.
"Abşeron" strukturu üzrə müqavilə 2009-cu ilin 27 fevralında ARDNŞ və Total arasında imzalanıb. Daha sonra Total müqavilədə iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.
Bu, artıq xarici şirkətlərin "Abşeron" perspektivli strukturunda ticari cəhətdən əlverişli karbohidrogenlərin hasilatına başlamaq üçün ikinci cəhdidir. 1997-ci ildə bu sahənin kəşfiyyatı və hazırlanması üzrə layihədə 50 faiz iştirak payı olan ARDNŞ, Amerikanın "Chevron" şirkəti (30 faiz - şirkət layihənin operatoru kimi çıxış edib), və "Total" -20 faiz arasında PSA tipli ilk müqavilə imzalanıb. Lakin kəşfiyyat quyusunun qazılmasından sonra yataqda aşkar olunmuş ehtiyatlar ticari cəhətdən cəlbedici olmadığına görə müqavilə qüvvədən düşüb.