...

Britaniyalı analitiklər Brent üzrə qiymət proqnozunu artırıblar

Energetika Materials 5 Mart 2011 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Bədəlova /

2011-ci ilin ikinci rübündə Şimal dənizində hasil olunan neftin Brent növünün bir barelinin qiyməti 105 dollar təşkil edəcək. Britaniyanın iqtisadi araşdırmalar üzrə Capital Economics aparıcı konsaltinq şirkətinin analitikləri belə proqnozlarla çıxış ediblər.

Əvvəllər analitiklər bu dövr üçün Brent növü üzrə qiymətin bir barel üzrə 95 dollar səviyyəsində olacağını proqnozlaşdırmışdılar.

"Liviyadan neft tədarükünün dayandırılması və siyasi iğtişaşların Yaxın Şərqin digər ölkələrinə yayılacağı ilə bağlı narahatlıq Brentin qiymətinin kəskin şəkildə artmasına səbəb olub", - britaniyalı analitiklərin məruzəsində deyilir.

Liviyadakı qarşıdurmalar fonunda dünya bazarlarında neftin qiymətləri artmaqda davam edir.

Cümə günü keçirilən hərracların nəticələrinə görə, martın 4-də Brent üzrə aprel fyuçerslərinin qiyməti bir barel üzrə 1,18 artaraq 115,97 dollara çatıb.

Bu gün Liviya 12 OPEK ölkəsi arasında neft hasilatı üzrə səkkizinci və Afrikada üçüncü ölkədir. Liviyadan Avropa ölkələrinə böyük həcmdə neft idxal olunur. Eləcə də Liviya neftinin əsas idxalçıları İtaliya, Almaniya, İspaniya, Fransa, Çin və ABŞ-dır. Avstriya, Böyük Britaniya, Yunanıstan, İsveçrəyə də az həcmdə neft idxal olunur. Liviya neftinin idxalı İtaliyanın tələbatının 51 faizini, Almaniyanın 13 və Fransanın 5 faizini ödəyir.

Britaniyalı analitiklər qiymətlərin bundan sonra artacağı ehtimalını istisna etmirlər. Lakin onlar ilin sonunadək qiymətlərin düşəcəyini hesab edirlər. Analitiklərin fikrincə, dünyada karbohidrogenlərə olan tələbatın səviyyəsi neftin qiymətlərinə təsir edən əsas amil olaraq qalır.

Capital Economics analitiklərinin proqnozlarına görə, 2011-ci ilin birinci rübündə Brentin orta qiyməti bir ay əvvəl proqnozlaşdırılan 100 dollara qarşı 115 dollar təkil edəcək.

İlin ikinci yarısında analitiklər qiymətlərin düşəcəyini, üçüncü rübdə 90 dollar, üçüncü rübdə isə 86 dollar təşkil edəcəyini proqnozlaşdırırlar.

Analitiklərin 2012-ci ildə Brentin qiymət proqnozları bir barel üçün 75 dollar olmaqla dəyişməz qalıb.

Xəbər lenti

Xəbər lenti