...

Türkiyə ərazisi vasitəsilə Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqli artıb

Energetika Materials 29 Mart 2011 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.İsmayılov/

Yanvar-fevralda Türkiyə ərazisi vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 45,5 milyon barelə yaxın neft nəql edilib. 2010-cu ilin yanvar-fevralında bu göstərici 42,77 milyon barel neft təşkil edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin BOTAŞ boru kəməri şirkətinin rəsmi internet səhifəsində dərc edilən xəbərdə deyilir.

2010-ci ildə Türkiyə ərazisi vasitəsilə BTC boru kəməri ilə 288,2 milyon barel neft nəql olunub, 2009-cu ildə isə bu göstərici 285,5 milyon barel olub.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Yanvar-fevralda Türkiyə ərazisi vasitəsilə İraq-Türkiyə boru kəməri ilə 26,23 milyon barelə yaxın neft nəql olunub. 2010-cu ilin analoji dövründə bu göstərici 26,9 milyon barel neft təşkil edib. 2010-cu ildə bu boru kəməri ilə 132,3 milyon barelə yaxın neft nəql olunub. 2009-cu ildə bu göstərici 167,6 milyon barel neft təşkil edib.

Türkiyə ərazisi vasitəsilə Ceyhan-Qırıqqala boru kəməri ilə yanvar-fevralda 2,84 milyon barel neft nəql edilib. 2010-cu ilin analoji dövründə bu göstərici 495 min barel təşkil edib. 2010-cu ildə bu boru kəməri ilə cəmi 17,2 milyon barelə yaxın neft nəql edilib. 2009-cu ildə bu göstərici 20,2 milyon barel neft olub.

Yanvar-fevralda Türkiyə ərazisi vasitəsilə Batman-Dördyol boru kəməri ilə 2,9 milyon bareldən çox neft nəql olunub. Ötən ilin analoji dövründə bu göstərici 2,24 milyon barel neft təşkil edib. 2010-cu ildə boru kəməri ilə 10,6 milyon bareldən çox neft nəql olunub. 2009-cu ildə bu göstərici 12,2 milyon barel neft təşkil edib.

Xəbər lenti

Xəbər lenti