...

Nazir: "Qazaxıstanın BTC boru kəmərinə qoşulması Türkiyənin rolunu artıracaq"

Energetika Materials 3 May 2007 15:16 (UTC +04:00)
Nazir: "Qazaxıstanın BTC boru kəmərinə qoşulması Türkiyənin rolunu artıracaq"

Azərbaycan,Bakı/müxbir Trend S.İlhamqızı/İstanbul Ticarət Palatasında "Mərmərə" Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə X Avrasiya İqtisadi Zirvəsi işini davam etdirir. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mayın 2-dən başlanan sammitdə Azərbaycandan sənaye və energetika naziri Natiq Əliyev, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin dövlət naziri Gürşat Tüzmən, enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər, Rumıniyanın keçmiş prezidentləri İon İliyesku və Emil Konstantinesku, Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl və digər qonaqlar iştirak edirlər.

Toplantının birinci günü Avrasiya iqtisadi zirvələrinin tarixindən bəhs edən film nümayiş etdirilib, çıxışlar olub. Həsənov Azərbaycan prezidenti İlham Əliyevin X Avrasiya İqtisadi Zirvəsi iştirakçılarına təbrikini oxuyub. Nazir Gülər çıxışında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin uğurla başa çatdığını, artıq Ceyhan terminalında 150-ci tankerin BTC kəməri vasitəsilə nəql olunan Azərbaycan nefti ilə yükləndiyini bildirib.

O, 650 milyon əhalisi olan Avropanın Türkiyə vasitəsilə nəql edilən neft və qazla təmin olunacağını, Qazaxıstanın BTC-yə və Türkmənistanın "Şahdəniz" layihəsinə qoşulmasının bu sahədə Türkiyənin mövqeyini daha da gücləndirəcəyini deyib. 

Türkmənistanın neft və qaz sənayesi naziri Qurbanmurad Atayev, Rumıniyanın iqtisadiyyat və ticarət naziri Varujan Vosganianu, Makedoniyanın dövlət naziri Qliqor Taşkoviç və başqaları Avrasiya məkanında enerji sahəsində əməkdaşlığın perspektivlərindən danışıblar. X Avrasiya İqtisadi Zirvəsi işini mayın 4-də başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti