...

ARDNŞ-in zavodu beynəlxalq sertifikatlar alıb

Energetika Materials 10 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Heydər Əliyev adına Bakı dərin özüllər zavodu "Russki Registr" Sertifikatlaşma Assosiasiyasında inteqrə olunmuş menecment sisteminə dair sertifikatlar alıb. Bu barədə cümə axşamı günü Azərbaycanın Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumatda bildirilir. Qeyd edək ki, sözügedən zavod ARDNŞ-in tərkibinə daxildir.

Zavoda inteqrə olunmuş menecment sisteminin beynəlxalq standartlara uyğunluğu sertifikatları verilib. Bunların arasında ISO 9001:2000 keyfiyyətin idarə edilməsi sistemi, ISO 14001:2004 ətraf mühitin menecmenti sistemi, OHSAS 18001:1999 "Russki Registr" könüllü sertifikatlaşdırma sistemində əmək təhlükəsizliyi sistemi, habelə IQNet beynəlxalq sertifikatlaşma şəbəkəsinin vahid nümunəsi yer alıb. Zavodun menecment sisteminin beynəlxalq standartlara uyğunluğunu "Russki Registr"in Volqoqrad və Novorossiysk filiallarının, habelə "Russkiy Reqistr - Kaspiy" birliyinin mütəxəssisləri yoxlayıb .

Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun əsas fəaliyyət istiqamətləri arasında dəniz stasionar və üzən platformalarının, habelə dərin özüllərin istehsalı, eləcə də antikorroziya müdafiəsi və montajı yer alır. Bu qurğular müasir texnoloji proseslərin tələblərinə cavab verir və Xəzərdə karbohidrogen ehtiyatlarının stabil hasilatını təmin edir.

Zavod eyni zamanda müxtəlif markalı yüksək keyfiyyətli qaynaq elektrodları, metal konstruksiyaları, qeyri-standart polad borular istehsal edir.

"Russki Registr" təşkilatların menecment sistemlərinin sertifikatlaşdırılması üzrə müstəqil orqandır. "Russki Registr" bütün sənaye sahələrinə və xidmət sferasına aid menecment sistemlərinin sertifikatlaşdırılması ilə bağlı geniş spektrli xidmətlər təklif edir.

Xəbər lenti

Xəbər lenti