Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Nobel mükafatı laureatı, Sankt-Peterburq Elmlər Akademiyasının vitse-prezidenti, məşhur alim Jores Alferov Bakıya gəlib.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, alimin səfərinin məqsədi sentyabrın 26-29-da Bakıda keçiriləcək "Yüksək texnologiyalarda material və informasiya elmləri" birinci beynəlxalq konfransında iştirak etməkdir.
Alferov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü, REA vitse-prezidenti, REA Sankt-Peterburq elmi mərkəzi rəyasət heyətinin sədri, A.F.İoffe adına REA Fizika-Texnika institutunun direktoru, RF Dövlət Dumasının deputatı, Elm və təhsil üzrə Komitənin üzvüdür. O, 1930-cu ilin 15 martında Vitebskdə doğulub. 1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad elektrotexnika universitetinin "elektrovakuum texnikası" fakültəsini fərqləniə diplomu ilə bitirib. SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Fizika-Texnika institutunda mühəndis, kiçik, böyük elmi işçi, bölmə, şöbə müdiri vəzifələrində işləyib. 1987-ci ildən institutun direktorudur.
50 kəşf, üç monoqrafiya, beynəlxalq və rus jurnallarında 350-dən artıq məqalənin müəllifidir. Alim, həmçinin, Polşa Elmlər Akademiyası, Franklin institutu (ABŞ), ABŞ Milli Elmlər Akademiyası və Milli Mühəndislik Akademiyasının xarici üzvü, Havana Universitetinin (Kuba) professorudur. 2002-ci ildən Nobel mükafatı laureatıdır.
Alferovdan başqa, konfransa dəvət olunmuş Nobel mükafatının digər bir laureatı, Ivar Giaeverin (ABŞ) də Bakıya gəlməsi gözlənilir.