...

AKP-nin Taksim "imtahanı"

Nəzər nöqtəsi Materials 1 İyun 2013 16:25 (UTC +04:00)
AKP-nin Taksim "imtahanı"
AKP-nin Taksim "imtahanı"

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Mayın 31-dən etibarən Türkiyənin mədəniyyət mərkəzi hesab edilən İstanbulda Taksim meydanında inşa edilməsi nəzərdə tutulan böyük ticarət mərkəzinə etiraz olaraq əhalinin bir qismi etiraz aksiyalarına başladı.

İlkin mərhələdə dinc xarakterli olaraq keçirilən etiraz aksiyaları daha sonra öz axarını dəyişərək polislə qarşıdurmaya çevrildi. Hadisələrin sadəcə İstanbulda cərəyan ediləcəyi gözlənilsə də, Taksim etirazlarına dəstək olaraq ölkənin demək olar ki, bir çox böyük şəhərlərində etiraz aksiyaları keçirildi.

Türkiyə mediasının verdiyi məlumata əsasən isə İstanbulda baş verən toqquşmaların qarşısını almaq üçün yaxın şəhərlərdən də çevik polis alayları şəhərə cəlb edilib.

Hakimiyyətin baş verən hadisələrlə bağlı tez bir zamanda rəsmi açıqlama verəcəyi gözlənilirdi, Lakin o demək olar ki, 24 saat sonra Baş nazirinin köməkçisi Bülənt Arıncdan gəldi.

Arınc Daxili İşlər Nazirliyinin ölkədəki etiraz aksiyaları ilə bağlı araşdırmalara başladığını və İstanbul 6-cı İnzibati Məhkəməsinin Taksim meydanında aparılan tikinti işlərinin dayandırılması barədə çıxardığı qərarın doğru qərar olduğunu bəyan etdi.

Ən maraqlı və daha məntiqli açıqlama isə ölkənin Baş naziri Ərdoğandan gəldi. Ərdoğan İstanbuldakı etirazların əsl səbəbinin ağacların kəsilməsi deyil, ideoloji olduğunu bildirdi.

Həqiqətən də, Taksim hadisələrini diqqətlə izlədikdə, İstanbulda və bir sıra iri şəhərlərdə keçirilən etiraz aksiyalarının əsas səbəbinin ictimai deyil, siyasi zəmində baş verdiyini görmək olar.

Türkiyədə bir çox siyasi analitiklər hesab edirlər ki, Taksim hadisələrinin başlıca səbəblərindən biri Ərdoğan hakimiyyətinin turizm mövsümündə spirtli içkilərə və siqaretə qarşı apardığı sərt mübarizədir. Lakin hadisələrin sırf bununla bağlı olduğunu hesab etmək bir o qədər də doğru deyil.

Heç şübhəsiz ki, baş verən hadisələrdən ölkənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyası imkan daxilində faydalanmağa çalışacaq. Hətta Baş nazir Ərdoğan baş verən hadisələrdə CHP tərəfdarlarının aktiv iştirak etdiklərini və müxalifətin onu isitefaya getməyə çağırdığını bildirdi.

Baş verən hadisələrə diqqətlə nəzər saldıqda Türkiyənin müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) da etiraz aksiyalarına biganə qalmadığını görmək olar.

Lakin CHP-dən fərqli olaraq MHP "Taksimi İşğal Et!" aksiyasına qoşulacağı barədə açıqlama vermədi.

Bütün bunlar nəzərə alınarsa, İstanbulun küçələrində baş verən toqquşmaların tam siyasi xarakterdə olduğunu və əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyasi (AKP) ilə CHP arasında olduğunu görmək olar.

Türkiyədəki bəzi siyasi dairələr Taksim hadisələrinin AKP hakimiyyətinin gələcəyinə ciddi təsir edəcəyini və Baş nazir Ərdoğanın istefası ilə nəticələnəcəyini söyləsələr də, hadisələrin daha geniş miqyas almayacağı təqdirdə AKP-nın "Taksim sınağından" tam uğurla çıxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti