...

AKP və seçkisonrası prioritetlər

Nəzər nöqtəsi Materials 31 Mart 2014 16:28 (UTC +04:00)
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ümumilikdə səs çoxluğu ilə qalib gələcəyini əvvəlcədən təxmin etmək olardı.
AKP və seçkisonrası prioritetlər

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ümumilikdə səs çoxluğu ilə qalib gələcəyini əvvəlcədən təxmin etmək olardı. Hətta tam əminliklə söyləmək olar ki, AKP bu seçkilərdə qalib gələcəyini öncədən bilirdi. Əgər belə olmasaydı, ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qalib gəlməyəcəkləri təqdirdə istefa verəcəyini bildirməzdi.

Ədalət və İnkişaf Partiyasının 40 faizə yaxın səs toplayacağı ehtimal edilsə də, ilkin nəticələrə görə (açılan seçki qutularının 98 faizi) AKP seçicilərin 45,56 faizinin səsini qazandı. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) 27,91%, Milliyyətçi Hərəkat Partiyası isə (MHP) 15,16% səs topladı. Digər faiz nisbətləri isə seçkilərdə iştirak edən başqa partiyalar arasında müxtəlif şəkildə bölünüb.

Hakim partiyanın ölkədəki bələdiyyə seçkilərində qalib gəlməsinin ən başlıca səbəblərindən biri də AKP-nin məhz bələdiyyəçilik sistemində digər siyasi partiyalardan daha təcrübəli olmasıdır. Təbii ki, digər siyasi partiyaların da bələdiyyəçilik təcrübəsi var, lakin bu təcrübə AKP təcrübəsi ilə müqayisə olunmayacaq dərəcədədir. Digər önəmli səbəblərdən biri də hakim partiyanın siyasi islahatlarla yanaşı, iqtisadi islahatlar aparması oldu ki, bu da heç şübhəsiz, öz nəticəsini 2014-cü ildəki bələdiyyə seçkilərində göstərdi, eyni zamanda, 2015-ci ildə keçiriləcək parlament seçkilərində öz təsirini göstərəcək.

AKP-nin bələdiyyə seçkilərində qalibiyyətindən sonra görəcəyi işlərə gəlincə, heç şübhəsiz ki, gələn il keçiriləcək parlament seçkilərinə qədər ölkənin daxili siyasətinə yönəlmiş bir sıra siyasi dəyişikliklər etmək məcburiyyətində qalacaq.

Ümumiyyətlə, ötən ilin dekabrında başlayan antikorrupsiya qalmaqalı, daha sonra isə dövlət rəsmilərinin telefon danışıqlarının qeyri-rəsmi dinlənilməsi fonunda keçirilən bələdiyyə seçkilərində AKP-nin qalib gəlməsi Türkiyənin siyasi strukturunun dəyişməsi ilə nəticələnə bilər.

Seçkiöncəsi hadisələri (korrupsiya qalmaqalı, telefon danışıqlarının dinlənilməsi) diqqətlə izləsək, tam əminliklə söyləmək olar ki, bütün bunlar AKP hakimiyyətinə qarşı yönəlmişdi.

Baş verən hadisələrdə ən maraqlısı isə bir-birinə ideoloji baxımdan yad olan siyasi və dini qrupun (Cümhuriyyət Xalq Partiyası və Gülən hərəkatı), hakim partiyanın iddiasına görə, AKP-yə eyni prizmadan yanaşmaları oldu.

Ümumiyyətlə, müasir Türkiyə tarixinə nəzər salsaq, ideoloji baxımdan bir-biri ilə uzlaşmayan siyasi və dini qrupların istisna hallarda ortaq hədəf üçün birləşmələrinin şahidi olarıq.

CHP və Gülən hərəkatı arasında olan siyasi müttəfiqliyi də məhz istisna hallarda olan siyasi müttəfiqlik kimi dəyərləndirmək olar.
Ölkədə baş verən son hadisələrə nəzər salsaq, Gülən hərəkatının birmənalı olaraq hakim Ədalət və İnkişaf Partiyası üçün ciddi təhlükə olduğunu görərik. Məhz buna görə ki, Gülən hərəkatı ölkənin daxili siyasətinə ciddi təsir etmək iqtidarında olsa da, siyasi partiya deyil və onunla mübarizə üsulları demək olar ki yoxdur.

Bir çox siyasi analitiklərin AKP-nin bələdiyyə seçkilərində qalib gəlməsindən sonra Gülən hərəkatının "siyasi mübarizə"dən kənara çəkiləcəyini hesab etsələr də, bu inandırıcı deyil. Ən azından ona görə ki, bu dəfə hakim partiya Fətullah Gülənin ABŞ-dan Türkiyəyə təhvil verilməsi üçün addımlar atacaq. Gülənin ekstradisiyası isə hələ ki sual altındadır.

AKP-nin atacağı digər addımlardan biri də bütün siyasi vasitələrdən istifadə edərək Gülən hərəkatının mənsubları və tərəfdarlarının siyasi partiya təsis etməsi üçün çalışması olacaq. Çünki Gülən hərəkatının siyasi partiya təsis etməsi siyasi meydanın şəffaflaşmasına xidmət edəcək ki, bu da ən çox hakim partiyanın maraqlarına xidmət edir.

Həll edilməli olan ən önəmli məsələlərdən biri də güc strukturları tərəfindən Suriya məsələsinin müzakirə edilməsinin "YouTube" video şəbəkəsində yayımlanmasının siyasi fəsadlarının aradan qaldırılması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti