Bakı. Azad Həsənli - Trend:
Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır.
Trend-in məlumatına görə, bu barədə İtaliyanın prezidenti Serco Mattarellanın bu gün Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına ünvanlanmış məktubunda deyilib.
İtaliya prezidenti qeyd edib ki, terror aktları - bütün dünya ölkələri üçün çağırışdır.
Məktubda deyilir:"Biz təhlükəsizliyi təmin etməliyik. Terrorizmlə mübarizə üçün bizə qarşılıqlı dialoq lazımdır. Qlobal Forum bu planda yaxşı nümunədir. Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır".
Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.