Azərbaycan, Bakı, 22 may /Trend, müxbirlər V.İmanov, M.Əliyev/
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində qeyri-formal səsvermə başa çatıb. Nəticədə birinci yarımfinaldan 10 finalçı seçilib.
Trend-in məlumatına görə, səsvermə "Eurovision" mahnı müsabiqəsinin təşkilat komitəsi və Avropa Yayımları Birliyi (EBU) tərəfindən təşkil edilib. Səsvermədə jurnalistlər, akkreditasiyadan keçmiş fanatlar, habelə müxtəlif ölkələrdən nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Səsvermənin yekunlarına əsasən, ilk 10 finalçı aşağıdakı kimidir: Rusiya, Yunanıstan, Rumıniya, İslandiya, Kipr, İrlandiya, Danimarka, Moldova, İsveçrə, Albaniya.
İkinci yarımfinalın iştirakçıları üzrə səsvermə davam edir - İsveç, Serbiya və Türkiyə təmsilçiləri liderlik edir.
Hər kəs interaktiv səsvermədə yalnız bir dəfə iştirak edə bilər və öz fikrincə, finala çıxacaq hər yarımfinaldan 10 təmsilçiyə səs verir.
"Eurovision" tarixi boyunca ilk dəfə olaraq Azərbaycanda sensor köşk əsasında yeni səsvermə texnologiyasından istifadə edilir.
Səsvermə mayın 15-dən keçirilir.