Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın müdafiə naziri Baço Axalaya iyunun 14-dən Əfqanıstanda səfərdədir. Səfərdə məqsəd bu ölkədəki gürcü sülhməramlı qüvvələri kontingentinə daxil olan hərbçilərin xidmət keçdiyi şəraitlə tanış olmaqdır.
Axalaya Fransa kontingentinin komandanlığı altında xidmət keçən 173 gürcü sülhməramlısının olduğu Kabil şəhərindədir. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Gürcüstanın müdafiə naziri və onu müşayiət edən şəxslər 750 hərbçidən ibarət genişləndirilmiş gürcü sülhməramlı batalyonunun xidmət keçdiyi şəraitlə də tanış olacaqlar. Onlar ABŞ komandanlığı altında Hilmənd vilayətində xidmət keçirlər.
Sülhməramlı kontingentə baş çəkilməsi barədə qərar Brüsseldə Gürcüstan-NATO komissiyasının iclasından sonra qərara alınıb. İclasda NATO-nun baş katibi Anders Foq Rasmmussen Əfqanıstandakı gürcü sülhməramlıları barədə müsbət fikir söyləyib və alyansın əməliyyatlarında iştirak etdiyinə görə Gürcüstana təşəkkürünü bildirib.
İlkin məlumatlara görə, Axalaya və onu müşayiət edən şəxslər iyunun 15-də Gürcüstana qayıdacaqlar.
2009-cu ilin noyabrından Kabildə Fransa kontingentinin komandanlığı altında 173 gürcü sülhməramlısı xidmət keçir. Mayda onların əvəzlənməsi həyata keçirilib. Belə ki, göstərilən şəxslər vətənə qayıdıb, eyni sayda sülhməramlı Əfqanıstana göndərilib. Aprelin sonlarında Əfqanıstanın Hilmənd əyalətində ABŞ komandanlığı altında 750 hərbçidən ibarət genişləndirilmiş gürcü sülhməramlı batalyonu xidmət keçir. Əfqanıstandakı gürcü sülhməramlılarının ümumi sayı 923 nəfər təşkil edir.