...

Tehranın sabiq prokuroru barədə açılmış cinayət işinə ciddi şəkildə baxılacaq - baş prokuror

Dünya xəbərləri Materials 1 Mart 2011 14:30 (UTC +04:00)
Tehranın sabiq prokuroru haqqında açılmış cinayət işinə ciddi baxılacaq.
Tehranın sabiq prokuroru barədə açılmış cinayət işinə ciddi şəkildə baxılacaq - baş prokuror

Tehranın sabiq prokuroru haqqında açılmış cinayət işinə ciddi şəkildə baxılacaq. Bu sözləri İranın baş prokuroru, ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi deyib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

"Tehranın sabiq prokurorunun işi ilə bir-iki dəfə maraqlanmışam, müvafiq qurumlar bu işlə bağlı araşdırmaların davam etdiyini bildiriblər", - Əjeyi deyib.

İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı İran prokurorunun müavini və Tehranın sabiq prokuroru Səid Mürtəzəvi və daha iki məhkəmə hakiminin işdən uzaqlaşdırılması barədə məhkəmə qərarı çıxarıb. Məhkəmə qərarında göstərilib ki, bu üç nəfər tutduqları vəzifədən uzaqlaşmalı və onlara qarşı irəli sürülmüş ittihamlara digər vətəndaşlar kimi cavab verməlidirlər.

Kəhrizək təcridxanası Tehran yaxınlığında olan Kərəc şəhəri ərazisində yerləşir. İranın ali lideri Əli Xamneyi 2009-cu ilin iyulun 28-də Kəhrizək təcridxanasının bağlanması barədə qərar verib. Bu təcridxanada prezident seçkilərinə etiraz aksiyalarında iştirak edənlərin bir qismi saxlanılırdı. Xamneyinin qərarı prezidentliyə namizəd Möhsün Rezayinin müavininin oğlu Möhsün Ruhulaminin və bir neçə şəxsin həmin təcridxanada naməlum şəraitdə ölümündən sonra verilib. Sabiq prokuror Səid Mürtəzəvi bu şəxslərin öldürülməsində ittiham olunur.

İyul ayının əvvəlində İranda Tehranın 1 saylı Hərbi Məhkəməsi Kəhrizək təcridxanasında baş vermiş hadisələrlə bağlı həbs olunmuş polislərdən ikisi barədə ölüm hökmü çıxarıb. Onlar Kəhrizək həbsxanasında Əmir Cavadifər, Möhsün Ruhuləmi və Məhəmməd Kamranini döyərək öldürməkdə ittiham olunurlar. Həmin cinayət işi ilə bağlı digər doqquz polis əməkdaşı barəsində məhkəmə cərimə, qan bahası ödəmək, tutduqları vəzifədən azad edilmək və şallaqlanmaq kimi cəzalara məhkum olunmaq barədə hökm çıxarıb.

Həbs olunanlar təcridxanaya həddən artıq məhbusun qəbul edilməsi, həbsxanada olan problemlərin yuxarı instansiyalara çatdırılmaması, məhbusların saxlanması və mühafizəsi ilə bağlı verilmiş göstərişlərin yerinə yetirilməməsi, məhbuslara fiziki təzyiq, işgəncə tətbiq edilməsi və təcridxananın fəaliyyətinə nəzarət zamanı səhlənkarlığa yol verilməsində təqsirkar bilinirlər.

Xəbər lenti

Xəbər lenti