...

İranda iki iri müəssisənin işçiləri etiraz aksiyaları keçirirlər

Dünya xəbərləri Materials 22 Yanvar 2014 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi və Xozestan əyalətində yerləşən "Fəcr" (Fajr) neft-kimya şirkətinin 150-dən çox işçisi yanvarın 21-dən başladıqları etiraz aksiyasını bu gün də davam etdirir. Bu barədə Trend ILNA agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, "İran Tire" zavodun işçiləri həmkarlarından 80 nəfərin işdən çıxarılmasına etiraz əlaməti olaraq tətil edirlər. Onlar zavod rəhbərliyi ilə danışıqlar aparıblar, həmkarlarının işə geri qayıtması üçün maaşlarının 10 faizini işdən çıxarılan həmkarlarına verilməsinə və ya maaşlarını 3-4 ay gecikmə ilə almağa razı olduqlarını bəyan ediblər.

Zavod rəhbərliyi işçilərin təklifini qəbul etməyib və bildirib ki, bir neçə ay ərzində zavodda müasir texnologiyaların quraşdırılması ilə işçilərin sayı təbii olaraq azalmalıdır.

Etirazçıların bildirdiyinə görə, yanvarın 21-də işdən çıxarılan 80 nəfərin bəzisi 15 il idi zavodda çalışırdı.

Xozestan əyalətində yerləşən "Fəcr" neft-kimya şirkətinin 150-dən çox işçisi də artıq iki gündür etiraz aksiyası keçirir.

Onlar Fəhlə Həmkarlar İttifaqının nümayəndəsi Abbas Rezayinin şirkətə məxsus zavodun ərazisinə buraxılmamasına etiraz edirlər. Belə ki, Rezayi fəhlələrin şikayəti əsasında zavoddakı iş şəraiti ilə tanış olmaq və fəhlələrin problemlərinin həlli üçün zavoda baxış keçirmək istəsə də, zavod rəhbərliyi buna icazə verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti