Bakı. Trend:
Şimali Koreya ABŞ-dan 2019-cu ildə KXDR-in Madriddəki səfirliyinə hücumda ittiham olunan “Azad Çoson” qrupunun üzvlərinin ekstradisiyasını tələb edir.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
"ABŞ KXDR-in İspaniyadakı səfirliyinə hücum hadisəsinə görə rəsmi olaraq üzr istəməli və dəymiş ziyanı ödəməli, həmçinin hadisədə iştirak edən bütün cinayətkarları həbs edib dərhal təhvil verməlidir.
Kristofer Ana gəlincə, o, ağır cəzaya layiq cinayətkardır. O, respublika əleyhinə sui-qəsdçi təşkilatın üzvləri ilə birlikdə müqəddəs və toxunulmaz dövlət diplomatik missiyasına hücum edərək diplomatlara və onların ailə üzvlərinə ciddi mənəvi, fiziki və maddi ziyan vurub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2019-cu il fevralın 22-də bir qrup naməlum şəxs KXDR-in Madriddəki səfirliyinə soxulub, əməkdaşları iplə bağlayıb, ərazidə axtarış aparıb və təxminən dörd saatdan sonra kompüter və sənədlərlə qaçıb.