Bakı. Trend:
Rusiyanın Afrika ölkələrinə təklif etdiyi taxıl tədarükü bazardakı vəziyyəti dəyişdirməyəcək və qiymət artımı problemini həll etməyəcək.
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın "RFI" radiostansiyasına müsahibəsində deyib.
"Görünür, Rusiya 5-6 ölkəyə 50 min ton taxıl göndərmək fikrini irəli sürüb. (...) Rusiyanın təklif etdiyi dənizdə damladır. Bu, problemi həll etmir, qiymət artımını dayandırmayacaq. Bu, milyonlarla ton taxılın bazardan çıxarılması və xüsusən, inkişaf etməkdə olan ölkələrdə ehtiyacı olanlar üçün əlçatan olmaması faktını dəyişdirmir", - o deyib.
ABŞ dövlət katibinin sözlərinə görə, Qara dəniz taxıl sazişi çərçivəsində inkişaf etməkdə olan ölkələrə 20 milyon ton taxıl ixrac edilib.
"Rusiyanın təklif etdiyi 50 min ton, sazişə əsasən ixrac olunan 20 milyon tonla müqayisə olunmazdır", - dövlət katibi bildirib.
Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan taxıl sazişinə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.