Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ prezidenti Donald Trampla vəliəhd şahzadə, Səudiyyə Ərəbistanın baş naziri Muhəmməd bin Salman əl-Səud arasında, ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar start götürüb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş Səudiyyə Ərəbistanının paytaxtında yerləşən Əl-Yamama sarayında keçirilən rəsmi mərasimlə başlayıb. ABŞ tərəfindən danışıqlarda ABŞ hökumətində fəaliyyətin səmərəliliyinin artırılması idarəsinin (DOGE) rəhbəri milyarde İlon Mask, “OpenAI” şirkətinin rəhbəri Səm Altman və “Nvidia” şirkətinin rəhbəri Censen Huanq iştirak edirlər.
Bundan əvvəl Tramp yanvar ayında dövlət başçısı vəzifəsini icra etməyə başladıqdan sonra ilk rəsmi dövlət səfəri ilə Səudiyyə Ərəbistanına gəlib. Yaxın Şərq turu çərçivəsində ABŞ prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də baş çəkəcək.
Səfər zamanı ABŞ nümayəndə heyəti ərəb monarxiyaları ilə investisiya əməkdaşlığının genişləndirilməsinə diqqət yetirəcək, eləcə də müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Qəzza zolağında, Yəməndə və Ukraynada münaqişələrin nizamlanması ilə bağlı məsələləri müzakirə edəcək.