...

ABŞ Abxaziyaya beynəlxalq polis qüvvələrini daxil etməyi təklif edir

Dünya xəbərləri Materials 12 Avqust 2006 12:58 (UTC +04:00)

ABŞ-ın ATƏT-dəki nümayəndəliyi gürcü-abxaz və gürcü -osetin münaqişələrindəki bütün tərəflərə bölgədəki vəziyyəti gərginləşdirə bilən söz və hərəkətlərdən çəkinmək xahişi ilə müraciət edir, eləcə də ATƏT missiyasının Cənubi Osetiyadakı müşahidəçilərinin sayını artırmağı və Abxaziyaya beynəlxalq polis qüvvələrini daxil etməyi təklif edir. Trend in Tbilisidəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın ATƏT nümayəndəliyinin Gürcüstan XİN-in rəsmi saytında yerləşdirilmiş bu günkü bəyanatında qeyd olunub.

ABŞ-ın ATƏT nümayəndəliyi "gürcü və abxaz tərəfini Koorinasiya şurası çərçivəsində mümkün qədər tez görüşməyə və münaqişənin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlar prosesinə qayıtmağa çağırır".

"Gürcüstanın hökümət orqanları tərəfindən Kodor dərəsinin yuxarı hissəsində qanuni olaraq keçirilmiş polis əməliyyatı kriminal elementlərlə mübarizəyə yönəlib, Gürcüstanın bu bölgəsində qayda və sabitliyin bərpa olunmasına yardım edib, həmçinin bu ərazidə bərpa edilmiş mülki nəzarət bu ərazini nəinki gürcü dövlətinin hüquqi çərçivəsinə qaytarmağa, həm də yerli əhaliyə humanitar və sosial yardımın göstərilməsini təmin etməyə imkan yaradıb", - deyə bəyanatda qeyd olunub.

ABŞ-ın ATƏT nümayəndəliyi Gürcüstan hökümətinin dərədə keçirilmiş əməliyyat zamanı gördüyü tədbirləri, o cümlədən "Abxaziyanın qondarma höküməti ilə sıx əlaqələri, gələcəkdə gücün tətbiq edilməsindən vaxtında edilən imtina və qoşunların vaxtında çıxarılması"nı salamlayır. "Biz Gürcüstanın hökümət orqanlarını və qondarma Abxaziyanın hökümət orqanlarını 1994-cü il barışıq haqqında sazişə riayət etməyə (Moskva sazişi) çağırır və Kodor dərəsinin demilitarizasiyasını salamlayırıq. Biz qondarma Abxaziyanın hökümət orqanlarına tövsiyyə edirik ki, gücdən istifadə təhdidlərindən, İnquri SES və "Kavkasioni" elektrik-ötürücü xəttlərin kəsilməsi haqqında bəyanatlardan çəkinsin. Çünki bütün bunlar yalnız vəziyyətin gərginləşməsinə səbəb olur", - deyə bəyanatda qeyd olunub.

ABŞ, həmçinin "avqustun 7-də Cənubi Osetiyada Avnevi kəndi yaxınlığında üç gürcü polisinə hücumu pisləyir".

"ABŞ ATƏT missiyasının Gürcüstanda keçirdiyi monitorinqi üzrə verdiyi hesabatlardan narahatdır. Bu hesabatlarda osetin tərəfinin Tbeti kəndində qazdığı səngərlər qeydə alınıb. Bu insidentlər Rok tunelinin beynəlxalq monitorinqinin keçirilməsinin, təhlükəsizlik üzrə müvafiq zəmanətlərin verilməsini nəzərə alaraq, Cənubi Osetiyada ATƏT-in müşahidə missiyasının əməkdaşlarının sayının artırılmasının zəruri olduğunu bir daha təsdiq edir. ATƏT müşahidəçiləri, neytral tərəf kimi, münaqişə zonasında baş verən pozuntu və hadisələri obyektiv şəkildə əks etdirərək, tərəflər arasında gərginliyi azaltmağa yardım edəcək", - deyə sənəddə qeyd olunub. Bəyanatdan belə çıxır ki, "ABŞ gürcü-osetin münaqişəsinin tənzimlənməsi üzrə Gürcüstanın sülh planını, eləcə də gürcü-abxaz münaqişəsi üzrə yol xəritəsini yenə də dəstəkləyir, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Gürcüstan sərhədlərində münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə ümid edir".

Xəbər lenti

Xəbər lenti