...

Azərbaycan Parlamenti sədrinin İtaliyaya rəsmi səfəri başa çatıb

Siyasət Materials 6 May 2010 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti sədrinin İtaliyaya rəsmi səfəri başa çatıb.

"Spiker Oqtay Əsədovun İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusi diqqət mərkəzində olub", - cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Əsədov İtaliya senatının bu ilin fevralında Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə İtaliya tərəfinə öz minnətdarlığını bildirib. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb.

Deputatlar Palatasının sədri bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoyub. "O qeyd edib ki, Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir", - məlumatda vurğulanır.

Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Onun fikrincə, İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Danışıqlar zamanı siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Spiker digər görüşünü İtaliya Senatı sədrinin müavini Vannino Kiti ilə keçirib. "Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, regional məsələlər, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olub. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı səmimi münasibətlər mövcuddur və bu da anlaşmaya, dostluğa və əlaqələrin hərtərəfli inkişafına zəmin yaradır. Parlamentlərimiz arasında işgüzar, səmimi münasibətlər deyilənlərin bariz nümunəsidir", - məlumatda əlavə olunur.

Senat sədrinin müavini ölkəsinin Azərbaycana olan marağından danışaraq ərazi bütövlüyümüzə hörmətlə yanaşdıqlarını və ölkəmizin haqq işini dəstəklədiklərini bildirib. Parlamentarilərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının daha da artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və İtaliya arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir.

Nümayəndə heyətimizin digər görüşü İtaliya Senatının Avropa İttifaqı Siyasəti Daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Rossana Boldi ilə olub. "İtaliyada xanım Rossana Boldinin şəxsində Azərbaycanın dostları ilə görüşməyindən məmnun olduğunu bildirən Əsədov, bu səfərin parlamentlərarası əlaqələrimizin bundan sonra daha da dərinləşməsinə xidmət edəcəyini qeyd edib. Azərbaycan tərəfi hesab edir ki, İtaliya ilə həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində mövcud olan əlaqələrimizi daha da dərinləşdirmək olduqca vacibdir.
Bildirilib ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının, daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulanıb", - məlumatda qeyd edilir.

Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Parlamenti nümayəndə heyəti mayın 3-dən 5-dək İtaliyada rəsmi səfərdə olub. Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynov, Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər. Bu səfər İtaliya Deputatlar Palatası sədrinin rəsmi dəvəti əsasında həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti