Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmək üçün noyabrın 9-da Sankt-Peterburqa səfər edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə deputatlar Rasim Musabəyov, Rüfət Quliyev, Milli Məclisin Aparat sədri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Nəsirov deyib ki, iclasda təşkilati məsələlərlə yanaşı, Qırğızıstanda keçirilən prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçi kimi iştirakı, "Neva" ekoloji konqresin, "Vətəndaşların demokratiya və seçki hüquqları", "MDB: nailiyyət, problemlər və perspektivləri" adlı seminarların nəticələri və digər mövzular müzakirə ediləcək.
Oqtay Əsədov tədbir çərçivəsində Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və digər şəxslərlə ikitərəfli görüşlər keçirəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişafının perspektivləri müzakirə ediləcək.