Azərbaycan, Bakı, 22 may /Trend/
Mayın 25-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Milli Məclislə ikitərəfli parlamentlərarası komissiyasının 13-cü iclası keçiriləcək. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov və MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov daxildirlər.
İclasda parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkibləri barədə, komissiyanın 2015-ci ildə fəaliyyətinin nəticələri və qarşıdakı vəzifələr, Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlığın inkişafı üçün birgə parlament fəaliyyəti, növbəti 14-cü iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq.