Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:30-da yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan hökuməti İslam İnkişaf Bankı (İİB) ilə ölkədə İslam bankçılığı alətlərinin tətbiqini müzakirə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Onun sözlərinə görə, İİB Azərbaycana bu məqsədlə texniki yardım göstərməyə hazırdır: "Demək istəyirəm ki, biz modelimizin layihəsinin ilkin çərçivələrini artıq formalaşdırmışıq. İİB-in və digər ekspertlərin cəlb edilməsi ilə bu sistemi Azərbaycanda tətbiq edə biləcəyik".
S.Babayev qeyd edib ki, Azərbaycanda İslam bankçılığı modelinin tətbiqinin dəqiq tarixini demək çətindir: "Bu, yeni sistemdir və xüsusi qanunvericiliyin, qaydalar toplusunun hazırlanmasını və s. tələb edir".