...

Bu bölgələrdə yağıntının miqdarı azalıb

Gündəm Materials 25 Dekabr 2019 15:55 (UTC +04:00)
Azərbaycanda ölkə üzrə dağlıq və dağətəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir.
Bu bölgələrdə yağıntının miqdarı azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ölkə üzrə dağlıq və dağətəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib.

"Climpact modeli"nə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib.

U.Tağıyeva əlavə edib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb:

"Ötən dövr ərzində ölkə ərazisində yağıntıların da miqdarı azalıb. Son 30 ildə ən çox azalma qərb bölgəsində müşahidə olunub. Amma ölkənin sahilyanı ərazilərində yağıntıların miqdarında cüzi artım baş verib".

Departament direktoru qeyd edib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran qar ehtiyatının azalması deməkdir. Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb.

U.Tağıyeva Bakıda 0 dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayının az olduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti