Astana. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarının təyyarəsinin sərnişinlərinin Aktau şəhəri yaxınlığında xilas edilməsində cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirmiş Qazaxıstan vətəndaşlarının böyük bir qrupunu təltif edib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.
Bildirilib ki, təltif olunanlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polis əməkdaşları, Mangistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau beynəlxalq hava limanının əməkdaşları var.
Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və
yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan
"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km
məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.