Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir X.Murtuzayeva/
Aparılan son araşdırmalar zamanı məlum olub ki, soyuqdəymə və ya qrip zamanı kişilər qadınlara nisbətən daha çox əziyyət çəkirlər.
İngiltərənin Darhem Universitetindən olan nevroloq Amanda Elison bildirir ki, kişilər simptomları şişirtmirlər, onlar həqiqətən də özlərini çox pis hiss edirlər. Bu barədə Trend xarici mətbuata istinadən məlumat verir.
Sirr bədənin hərarəti də daxil olmaqla, bir çox göstəricilərin tarazlığına cavab verən beynin zonaları arasındakı fərqdədir. Belə ki, uşaq yaşlarında qadın və kişilərdə beyin zonaları eyni ölçüdə olur. Lakin yeniyetmə yaşlarında onlar oğlanlarda testosteronun təsiri nəticəsində böyüyür.
Söhbət nüvələrin preoptik zonasından gedir. İnfeksiya orqanizmə daxil olduqda bədən ondan xilas olmaq üçün hərarəti artırır. Hərarətin qalxması ilə isə məhz nüvə məşğul olur. Kişilərdə zonaların həcminin böyüməsi səbəbindən temperatur reseptorları daha çox olur. Ona görə də kişilərə hərarətin qalxmasına tab gətirmək daha çətindir. Bunu beynin çəkilmiş şəkilləri sübut edir.