Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Ayı hücumu nəticəsində Rusiyanın Tomsk vilayətinin Strejevoy şəhərinin sakini həlak olub, arvadı isə ağır yaralanıb. Trend bu barədə "İnterfaks"a istinadən xəbər verir.
Məlumata görə, bazar günü axşam onlar itlə gəzmək üçün maşınla aeroportun yerləşdiyi əraziyə gəliblər. Gəzinti zamanı ayı onlara hücum edib. Nəticədə kişi ölümcül yaralanıb. Ayı demək olar ki, onu parçalayıb. Ağır xəsarətlər alan qadın isə reanimasiyaya yerləşdirilib.
Elə həmin gün ovçular ayını öldürüblər və onun insanlara hücum etməsinin səbəbini öyrənmək üçün cəsədini ekspertizaya göndəriblər. Ayının insanlara səbəbsiz hücum etmədiyi ehtimal olunur. Çox güman ki, buna qədər kimsə onu yaralayıb.