...

Rusiya hərbi texnikanın bir hissəsini Dağlıq Qarabağda yerləşdirib- Azərbaycanın Müdafiə Nazirliyi ( əlavə olunub)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2007 20:33 (UTC +04:00)
Rusiya hərbi texnikanın bir hissəsini Dağlıq Qarabağda yerləşdirib- Azərbaycanın Müdafiə Nazirliyi ( əlavə olunub)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Gürcüstandan çıxarılan hərbi texnikasının Ermənistanda yerləşdirilməsinin regionda təhlükə yaratdığını bəyan edib. "Rusiya Gürcüstandan çıxarılan hərbi texnikanın bir hissəsini Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində yerləşdirib"- bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend - ə bildirib.

Rusiya Gürcüstandan çıxardığı hərbi texnikanın 70 faizini Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında yerləşdirib. Azərbaycan və Ermənistan müharibə şəraitində olduğundan, Rusiyanın hərbi texnikasının Gümrüdə yerləşdirilməsi müharibənin başlanma riskini artırır.

Sabiroğlu deyib ki, Rusiyanın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına əngəl yaradır. Onun sözlərinə görə, Rusiya Ermənistandakı 102-ci bazasını təkmilləşdirmək adı ilə, orada yeni hərbi baza yaratmağa başlayıb. "Özünü suveren dövlət hesab edən Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur"- Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Sabiroğlu deyib ki, Rusiyanın ikili siaysəti aradan qaldırılmayınca, problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərilməyincə, Dağlıq Qarabağ münaqişəsinin həlli uzanacaq. "Azərbaycan münaqişənin dinc yolla həllinə üstünlük verir, ancaq bu, sonsuza qədər davam edə bilməz. Bu cür davam etsə, Azərbaycan ordusu işğal olunan torpaqlarını başqa yollarla azad edəcək"- Sabiroğlu deyib.

Ermənistanın müdafiə nazirinin mətbuat katibi, polkovnik Seyran Şahsuvaryan Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Gürcüstandan çıxarılan texnikanın Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı bəyanatını cəfəngiyyat adlandırıb. "102-ci rus hərbi bazasının hərbi texnikası və Dağlıq Qarabağ arasında heç bir əlaqə yoxdur" - deyə Şahsuvaryan "Novosti-Armeniya" agentliyinə müsahibəsində bildirib.

Şahsuvaryan "Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazanın təkmilləşdirilməsi bəhanəsi ilə yeni baza yaratması" barədə Azərbaycan tərəfinin bəyanatlarını da cəfəng adlandırıb. "İkinci bazanın yaradılması məqsədilə hər şeyi yenidən başlamaq, bir sıra dövlətlərarası razılışmalar imzalamaq lazımdır" - deyə Ermənistanın müdafiə idarəsinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, rus hərbi texnikasının, Gürcüstandan çıxarılaraq, Ermənistanda yerləşdirməsi, Qarabağ münaqişəsinin həllinə mane ola bilməz. "Hazırda Ermənistanda yerləşən 102-ci hərbi bazanın komplektləşdirilməsi prosesi gedir" - deyə Şahsuvaryan qeyd edib.

Noyabrın 16-da Gümrü bazasına Gürcüstandakı keçmiş 12-ci bazadan sonuncu rus dəmiryol eşolonu göndərilib. 102-ci rus bazasının komplektləşdirilməsi məqsədilə, Gümrüyə 200 tona yaxın hərbi -texniki əmlak çatdırılıb.

Mətbuat katibinin sözlərinə görə, Gürcüstan ərazisində yerləşən 12-ci bazanı Rusiya 2008-ci ildə boşaltmağı nəzərdə tutsa da, sonradan Rusiya öz arzusu ilə bazanı vaxtından əvvəl boşaltdı. Bütün hərbi obyektlər, doqquz hərbi şəhərcik və 12-ci bazanın digər obyektləri noyabrın 13-də Gürcüstanın Müdafiə Nazirliyinə təhvil verilib. Bazanın təhvil verilməsi barədə aktı Rusiya tərəfdən Rusiyanın Zaqafqaziyada Hərbi Qüvvələr Qrupunun komandanı general- mayor Andrey Popov və Gürcüstan tərəfdən Batu Kuteliya imzalayıb. Gürcüstan və Rusiya tərəfi arasında imzalanan razılaşmaya görə, Gürcüstan bazaların təhvili ilə bağlı heç bir iddia irəli sürə bilməz.

2007-ci ildə Gürcüstanda yerləşən iki rus hərbi bazasından Rusiya ərazisinə dəmiryolu eşolonları vasitəsilə 500 ədəd texnika və 2 min tona yaxın maddi-texniki əmlak daşınıb. 2007-ci ildə Gümrüdə yerləşən 102-ci hərbi bazaya dörd eşolon göndərilib.

Rusiya və Gürcüstan arasında imzalanmış razılığa əsasən, 12-ci hərbi bazanın 2008-ci ildə çıxarılması nəzərdə tutulurdu.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Xəbər lenti

Xəbər lenti