...

ATƏT-in Minsk Qrupunun vasitəçiləri Qarabağın tezliklə tam hüququlu tərəf kimi danışıqlara cəlb edilməsinin lehinə çıxış edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2008 18:27 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun vasitəçiləri Qarabağın tezliklə tam hüququlu tərəf kimi danışıqlara cəlb edilməsinin lehinə çıxış edirlər

ATƏT-in Minsk Qrupunun vasitəçiləri Qarabağın tezliklə tam hüququlu tərəf kimi danışıqlara cəlb edilməsinin lehinə çıxış edirlər. Bu barədə cümə axşamı ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye İrəvanda jurnalistlərə bildirib.Xəbəri Novosti-Armeniya yayıb."Qarabağın danışıqlar prosesinə danışıqlar tərəflərindən biri kimi cəlb edilməsi nə qədər tez olsa, o qədər yaxşı olacaq. Xüsusən də, ona görə ki, "DQR" rəhbərliyinin mövqeyi onun danışıqlar prosesi haqqında tam məlumata malik olduğuna dəlalət edir" - Fasye bildirib.

O, "DQR"-in danışıqlardan kənarlaşdırılmasının həmsədrlərin qərarı olmadığını qeyd edib. "Robert Köçəryan Ermənistan prezidenti olanadək (1998-ci il-"Novosti Armeniya") Qarabağ danışıq tərəflərindən biri olub. Lakin onun erməni dövlətinin başçısı seçilməsindən sonra Ermənistanın Qarabağın mövqelərini daha yaxşı təmsil edəcəyi haqqında qərar qəbul edilib"- Fasye bildirib.

Ermənistandakı prezident seçkilərindən sonra, xüsusən də, Köçəryanın üçüncü müddətə namizədliyini irəli sürməyəcəyi səbəbindən, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsinin mümkünlüyü haqda sualı cavablandıran Fasye bildirib ki, bu məsələni həmsədrlər deyil, erməni tərəfi həll edir.

Həmsədr Xankəndinin danışıqlar prosesində iştirakının arzu edilən olduğunu, lakin bu məsələnin necə həll ediləcəyini zamanın göstərəcəyini qeyd edib. Belə ki, onun rəyinə görə, hazırki mərhələdə "DQR"-in danışıqlar tərəfi kimi danışıqlara cəlb edilməsi çətindir. Azərbaycan tərəfinin Qarabağın danışıqlarda iştirak etməsinə etirazı haqqında danışan ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakov qeyd edib ki, "həmsədrlər hələ bu qədər uzağa baxmırlar və problemləri öz vaxtında həll etmək niyyətindədirlər".

"Hazırki mərhələdə bütün tərəflər, üzərində işlədiyimiz baza prinspləri ilə razıdırlar. Biz hazırki mərhələdə danışıqlar formatının dəyişdirilməsinə ehtiyac görmürük. Lakin son razılaşma hazırlanan zaman razılaşmanın bütün bəndləri birbaşa olaraq Qarabağa aid olacağı üçün, "DQR" danışıqlarda iştirak etməli olacaq" -Merzlyakov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, bu, "DQR"-in yekun mərhələdə danışıqlara cəlb edilməsi demək deyil, belə ki, son qərarın hazırlanması ən çox zəhmət tələb edən və uzun bir prosesdir.

"Mən bu məsələdə bədbin deyiləm", - həmsədr bildirib.

Xəbər lenti

Xəbər lenti