...

Aİ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatdır – Piter Semnebi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2010 19:07 (UTC +04:00)
Avropa İttifaqı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatdır.
Aİ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatdır – Piter Semnebi

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması hallarından narahatdır.

"Baş verənlər bizi narahat edir, biz görürük ki, vəziyyət son vaxtlar daha mütəmadi və ciddi xarakter alır", - Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çərşənbə axşamı jurnalistlərə Heydər Əliyev adına Beynəlxalq hava limanında bildirib.

Semnebinin sözlərinə görə, belə halların qarşısını almaq üçün tədbirlər görmək lazımdır.

"Qarabağ Avropanın xəritəsində ağ ləkə olmamalıdır", - xüsusi nümayəndə qeyd edib.

Semnebi, onun Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə birlikdə Qarabağa mümkün səfəri ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu səfərlə bağlı sual hələ ki öz həllini tapmayıb, lakin ola bilsin ki, səfər baş tutsun. "Münaqişənin bütün iştirakçıları arasında ünsiyyət və əlaqələrin olması vacibdir", - o vurğulayıb.

Semnebinin səfəri iyulun 1-dək davam edəcək.

Səfər zamanı Semnebinin Azərbaycan rəhbərliyi ilə görüşəcəyi gözlənilir. Görüşlərdə aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş, Azərbaycanda keçirilməsi noyabrın əvvəlinə nəzərdə tutulan parlament seçkiləri, Aİ ilə əməkdaşlıq və enerji məsələləri müzakirə ediləcək.

Semnebi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini şərh etmək istəməyib.

"Münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk qrupu var. Fransa, ABŞ və Rusiya prezidentlərinin bu yaxnlarda verdikləri bəyanatlar böyük əhəmiyyət daşıyır. Bu ciddi proses üçün ciddi əsaslar yaradır", - Semnebi deyib.

Onun sözlərinə görə, hər iki tərəfin ictimaiyyəti danışıqlar prosesi barədə geniş məlumata malik olmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti