...

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə dialoqu intensivləşdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2011 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir V.Javoronkova/

Avropa İttifaqının yubanmış münaqişələrdən biri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına cəlb edilməsinin gücləndirilməsi danışıqların intensivliyinin artırılmasında özünü göstərəcək. Rusiyalı politoloq, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir.

"Yenilənmiş Avropa Qonşuluq Siyasəti" məruzəsində deyilir ki, Aİ uzunsürən münaqişələrin həllində iştirakını gücləndirməyə hazırdır. Məruzəyə əsasən, Aİ hələ təmsil olunmadığı, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu kimi formatlarda iştirakını fəallaşdırmağa hazır olmalıdır.

Ekspertin fikrincə, münaqişənin nizamlanmasına cəlb edilən vasitəçilərin strukturunda heç bir inqilabi dəyişiklik baş verməyəcək.

"Rusiyanın timsalında dialoq meydançaları intensivləşdiriləcək. Orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektləri müzakirə ediləcək", - Moskavadan telefonla Trend-ə Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru Vlasov bildirib.

Onun fikrincə, Aİ-nin münaqişənin həllinə cəlb edilməsinin gücləndirilməsi haqqında danışanda söhbət əslində Avropa İttifaqının Bakı, Yerevan və vasitəçi ölkələrin iştirakı ilə dialoqun dinamikasının artırılması üzrə qarşılıqlı təşəbbüslərindən gedir.

Vlasovun fikrincə, həm də Aİ-nin təşəbbüsü hər şeydən əvvəl ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa vasitəsilə həyata keçiriləcək.

"Məsələn, Almaniyanın Cənubi Qafqaz münaqişələrinin nizamlanması baxımından öz maraqları var, lakin onlar müəyyən zaman kəsiyində o qədər də ifadə edilməyib və yer almayıb. Almaniya çətin ki, seçdiyi davranış xəttindən imtina etsin", - Vlasov qeyd edib.

Onun sözlərinə görə, Fransa bu məsələdə daha çevik və dinamikdir, buna görə, məhz onun Minsk qrupunun tərkibində aparıcı vasitəçi kimi rolu yaxın vaxtlarda artacaq.

Ümumilkdə ekspert münaqişənin nizamlanması məsələsində yeni təşəbbüsü müsbət qiymətləndirir.

"Mən optimistəm və güman edirəm ki, istənilən vasitəçilik səyləri yerinə düşər", - politoloq bildirib.

Onun fikrincə, lakin münaqişənin tam həlli üçün ilk növbədə onun iştirakçılarının istəyi lazımdır.

Vlasovun sözlərinə görə, bundan başqa, Rusiyanın nizamlanma prosesində iştirakı perspektivdə Avropa İttifaqına nisbətən daha böyük rol oynaya bilər, belə ki, indi həm Bakı, həm də Yerevan Moskvanı baş vasitəçi kimi qəbul etməyə hazırdır.

"Lakin bu halda Aİ-nin bu yubanmış münaqişənin nizamlanmasında daha fəal, daha səmərəli rol oynamaq istəyini alqışlamamaq olmaz", - ekspert bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti