...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü tərəflərin niyyətlərini müəyyən edəcək - Crisis Group

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2011 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Y.Ostapenko/

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü münaqişə tərəflərinin həqiqətən də razılığa gəlmək niyyətinin olub-olmadığını başa düşmək baxımından beynəlxalq ictimaiyyət üçün həlledici olacaq. Trend-in məlumatına görə, Beynəlxalq Böhran Qrupunun (Crisis Group) analitiki Sabina Freyzer belə hesab edir.

Cümə axşamı Minsk qrupunun həmsədr ölkələri Fransanın Dovil şəhərində "böyük səkkizliy"in sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər.

Rusiya, ABŞ və Fransa prezidentləri Medvedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini "siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində [Dağlıq Qarabağ tənzimlənməsi üzrə] işi başa çatdırmağa çağırıblar.

Freyzerin sözlərinə görə, iyuna az vaxt qalsa da, nə Ermənistanda, nə də Azərbaycanda ictimaiyyətin sülh sazişinə hazırlanması ilə bağlı iş aparılmır. Digər tərəfdən, baza prinsiplərini münaqişə tərəfləri 4 ildir ki, müzakirə edir.

Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın martda Soçidə keçirilən görüşündə tərəflərə baza prinsipləri üzrə sazişin layihəsi təqdim edilib. Freyzer bildirib ki, Minsk qrupunun həmsədrləri həmin prinsipləri saziş üçün ədalətli və balanslaşdırılmış əsas hesab edirlər.

Ekspertin fikrincə, buna görə də, hazırkı mərhələdə məsələ baza prinsiplərində, mətnin formulunda deyil, münaqişə tərəflərinin kompromisə getməyə hazır olmalarındadır.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan 2008-ci ilin iyunundan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə mövqelərin razılaşdırılması ilə bağlı mütəmadi görüşlər keçirirlər. Buna baxmayaraq, baza prinsipləri hələ də razılaşdırılmayıb.

Freyzerin sözlərinə görə, ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki - üçüncü bəyanatı fövqəladə dərəcədə əhəmiyyətlidir. Dovil bəyənatı əvvəlkilərdən münaqişə tərəflərinə çox dəqiq siqnal göndərməsi ilə fərqlənir.

Analitik hesab edir ki, budəfəki bəyanatın fərqliliklərindən biri beynəlxalq ictimaiyyət tərəfindən istənilən güc tətbiqinin pislənməsi ilə bağlı bildirişin olmasıdır. "Bu, Azərbaycan və Ermənistana müharibəyə haqq qazandırılmayacağı barədə verilən dəqiq siqnaldır", - o, bildirib.

"İkincisi, bəyanat aydın şəkildə başa düşməyə imkan verir ki, baza prinsiplərinin razılaşdırılması üzrə gələcək yubatma tərəflərin razılığa gəlmək istəyini şübhə altına alacaq", - Freyzer qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti