...

Azərbaycan, RF və Ermənistan prezidentləri arasında danışıqların yekunu üzrə birgə bəyannamə qəbul edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2012 16:13 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.
Azərbaycan, RF və Ermənistan prezidentləri arasında danışıqların yekunu üzrə birgə bəyannamə qəbul edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:35-də yayılıb)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan bazar ertəsi Soçidə üçtərəfli formatda 10-cu görüş keçiriblər. Görüş nəticəsində prezidentlər birgə bəyanat qəbul ediblər. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasında irəliləyiş əldə edilib. Sülh sazişinin hazırlanmasına keçidin vacibliyi diqqətə alınmaqla Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər aparılan işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılıqların əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər", - sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin (Fransa və ABŞ) vasitəçilik fəaliyyətinə yüksək qiymət veriblər. Onlar ümid etdiklərini bildiriblər ki, Rusiya, ABŞ və Fransa yekun sülhün və regionda sabitliyin təsdiqinə qədər bu qisimdə gələcəkdə də nizamlanmada fəal rol oynayacaqlar.

Sənəddə deyilir ki, İlham Əliyev və Dmitri Medvedev təsdiq ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində etimadın möhkəmləndirilməsi addımlarından biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar olaraq, Azərbaycan və Ermənistan prezidentləri gələcəkdə ziyalı, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulmasına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Üç ölkənin prezidenti həmsədrlərin ATƏT sədrinin şəxsi nümayəndəsi ilə birgə atəşkəs xətti boyunca araşdırmaların keçirilməsi mexanizmi haqqında hazırladıqları məruzəni dinləyib və bu işi davam etdirməyi tapşırıb.

Azərbaycan, Rusiya və Ermənistan liderləri 2008-ci il noyabrın 2-dən başlanan ilk üçtərəfli görüşdən bəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görülən işin böyük həcmini qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti