Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov Niderlandın Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının müəllim və zabit heyəti ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü səfirlikdən bildirilib.
Səfir görüş iştirakçılarına beynəlxalq və regional təhlükəsizlik, bu sahədə universal və regional əməkdaşlıq perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə və bu sahədə əməkdaşlıq məsələləri ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib, münaqişənin tənzimlənməsi prosesində Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib.
Bununla yanaşı, görüşdə Azərbaycanda son zamanlar iqtisadi inkişaf, Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakı məsələləri də müzakirə olunub.
Görüşün sonunda Müdafiə Akademiyasının nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Marsel de Haas səfir Fuad İsgəndərova əməkdaşlıqdan razılığını bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.