Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/
Rəsmi Bakının əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırmadan xarici vətəndaşların Dağlıq Qarabağa səfərləri üzrə mövqeyi dəyişməzdir. Azərbaycan bundan sonra da həmin səfərləri qanunsuz hesab edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.
Abdullayev bildirib ki, ölkə XİN-in tapşırığına görə, Azərbaycanın xaricdəki bütün diplomatik nümayəndəlikləri öz saytlarında yerləşdirdikləri məlumatda həmin nümayəndəliklərin akkreditə olunduğu ölkənin vətəndaşlarını belə səfərlərdən imtina etməyə çağırır.
Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının bir qrup deputatı bu həftə Dağlıq Qarabağa səfər edib.
Onun sözlərinə görə, Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib və belə hərəkətlər bu ölkənin rəsmi mövqeyini əks etdirmir.
Azərbaycanın Avstraliyadakı səfirliyinə bu ölkənin rəhbərliyinə rəsmi Bakının narazılığını çatdırmaq tapşırılıb.