Azərbaycan, Bakı, 8 may /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında amerkalı həmsədr Ceyms Uorlikin açıqladığı altı şərti şərh edərkən deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılığını verib.
E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir: "Siyasi baxımdan razılığa gəlsək, bu məsələni həll edə bilərik".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış edib.
Amerikalı həmsədrin fikrincə, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element durmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.
Uorlik qeyd edib ki, uzunmüddətli sülh kağız üzərində əldə olunmamalıdır, etimada əsaslanmalıdır.
Həmsədr əmindir ki, danışıqlar prosesində bu günədək əldə olunanlar əsas gətirilərək irəliləyiş üçün vaxt gəlib çatıb. O, bir daha qeyd edib ki, Minsk qrupunun həmsədrləri tərəflərə kömək etmək arzusu ilə sülh əldə etməkdə həmfikirdirlər.