...

Cəbhədəki gərginliyin artmasının səbəbləri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2016 08:48 (UTC +04:00)
Son dövrlərdə cəbhədəki gərginliyin artması, erməni təxribat qruplarının fəallaşması regionda baş verən münaqişələrlə birbaşa əlaqəlidir.
Cəbhədəki gərginliyin artmasının səbəbləri

Bakı. Trend:

Son dövrlərdə cəbhədəki gərginliyin artması, erməni təxribat qruplarının fəallaşması regionda baş verən münaqişələrlə birbaşa əlaqəlidir. Bunu Trend-in Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, təbii ki, Rusiya-Türkiyə gərginliyi, Suriyada baş verənlər də buna aiddir: "Eyni zamanda gərginlik yaradan amillərdən biri də Xəzər və Qara dənizlərdə Rusiyanın keçirdiyi hərbi təlimlərdir. Qərb hər vəchlə Rusiyanı müharibəyə sürükləyir və bununla həm iqtisadi, həm də siyasi cəhətdən Rusiyanın təcavüzkar və regionda baş verən münaqişələrin birbaşa təşəbbüskarı olduğunu göstərməyə çalışır. Bunun üçün isə Türkiyədən bir NATO üzvü olan dövlət kimi istifadə etməyə səy göstərir".

Politoloqun fikrincə, burada ABŞ-ın yüksək rütbəli məmurlarının da bəyanatlarını yada salmaq olar və təbii ki, bu bəyanatlar düşünülmüş şəkildə verilir: "Düzdür, 2016-cı ildə ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki müsbət addım atmaqla yadda qaldı. Birincisi, separatçılara yardımdan imtina etdi, ikincisi isə icma görüşlərini məqbul saymaqla separatçıların dövlət olmadıqlarını bir daha qeyd etdi. Bundan başqa, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və Ceyms Uorlik ən aktiv həmsədrlərdən biridir. Lakin bu qurumun fəaliyyətsizliyi birbaşa təmsil etdiyi dövlətlərə də şamil edildiyi üçün müvafiq bəyanatlar səslənir".

A.Nağıyev əlavə edib ki, xüsusilə də Dağlıq Qarabağla bağlı qətnamənin AŞ PA-da qəbul edilməməsində ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın da rolunun olması barədə şübhələri dağıtmaq üçün həmsədr ölkə Bakını sakitləşdirə biləcək addımlar atmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti