Bakı. Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyevin Azərbaycanın işğal altındakı ərazilərinin erməni dilində təqdim edilməsi ilə əlaqədar İspaniya hökumətinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramı tərəfindən yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri Fondunun sədri Paloma Duran və BMT İP-nin rəhbəri xanım Helen Klarka ünvanladığı etiraz bəyanatından sonra təşkilatın saytında mövcud olan xəritə dərhal götürülüb.
BAMF-dən Trend-ə verilən məlumata görə, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonu Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilib.
Xoşagəlməz bir məsələdir ki, BMT qurumunun rəsmi veb-saytında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin adları erməni dilində və erməni əlifbası ilə verilir.
Məlumat üçün qeyd edək ki, ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsinin işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığını səbəb gətirərək BAMF BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılmasını tələb edib.