...

Çaykənddə qələbəyə aparan yol – “Halqa” əməliyyatı (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2016 22:00 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Azərbaycan tarixinin yaxın keçmişində - son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır. Trend "Canlı tarix" rubrikası adı ilə bu hadisələrlə bağlı oxucularına silsilə yazılar təqdim edir.

Bu silsilədən növbəti yazı Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndində aparılmış əməliyyatla bağlıdır.

Müasir Azərbaycan tarixinin şanlı səhifələrindən qeydlər...

Azərbaycanın müasir hərb tarixinin önəmli səhifələrindən biri – 1991-ci il aprel ayının 30-u. Həmin gün Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndinin erməni işğalçılarından azad edilməsi ilə başa çatmış uğurlu əməliyyat - “Halqa” əməliyyatı başlayıb. May ayının 4-də tamamlanan əməliyyatda o zaman Azərbaycan Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD-OMON) qüvvələri ermənilərin baza rayonlarına qarşı yeridilmişdi. Əməliyyatda Azərbaycanın Milli Qəhrəmanı mərhum Riad Əhmədovun rəhbərlik etdiyi o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı dəstəsi, əməliyyat işçilərindən qrup, eyni zamanda, Gəncə şəhərində yerləşən hərbi qüvvələr də iştirak ediblər.

O zamankı Moskva rəhbərliyinin də razılıq verdiyi Çaykənd əməliyyatı antiterror məqsədli, yəni sözügedən ərazidə yerləşən erməni separatçılarının təmizlənməsi niyyəti ilə keçirilirdi. Pasport rejiminin yoxlanılması xarakterli əməliyyatda qeyri-qanuni yollarla Azərbaycana gələrək Çaykənddə məskunlaşmış terrorçular, axtarışda olan cinayətkarlar tərksilah edilmiş, zərərsizləşdirilmişdi. Qeyd edək ki, əməliyyatın keçirildiyi zaman Çaykənddə silahlı cinayətkarlarla yanaşı, dinc erməni əhali də yaşayırdı.

Çaykənd əməliyyatının keçirilməsini zəruri edən şərtlər nələr idi? Hansı səbəblər bu əməliyyatın keçirilməsinə rəvac vermişdi?

Qısa arayış. Aprel ayının 28-dən ölkə rəhbərliyi Gəncə şəhərində toplanmışdı. Milli təhlükəsilik naziri Vaqif Hüseynov, daxili işlər naziri Məhəmməd Əsədov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko müşavirədə iştirak edirdilər. Hacıkənddə yerləşən “Ulduzcuq” düşərgəsində əməliyyatla bağlı qərargah yaradılmışdı. Hər üç rəhbər müşavirədən sonra düşərgədə əməliyyata hazırlığa bilavasitə nəzarəti həyata keçirib. O vaxt Gəncədə yerləşən desant polkundan da çoxsaylı hərbçilər düşərgədə yerləşdirilib. Sonra hərbçilər Çaykənd əməliyyatında iştirakla bağlı məlumatlandırılıblar. Lazımi təlimatlandırma başa çatdıqdan sonra əməliyyata start verilib. Öncə hərbçilər piyadaların döyüş maşını ilə irəliləyiblər. Ardınca isə vertolyotlarla MTN və polis əməkdaşları Çaykəndə daxil olublar. Pasport rejiminin yoxlanılması əməliyyatı Ermənistandan və dünyanın bir çox yerlərindən Dağlıq Qarabağ ərazisinə gəlmiş terrorçuların aşkarlanması və kəndin onlardan təmizlənməsindən ibarət idi.

Əməliyyat zamanı kənddə olan erməni əhali ərazini tərk etmək üçün dəhliz istəyirdi. Əməliyyatda bizim tərəfdən heç bir itki olmamışdı. Bir erməni “BTR”-in üzərinə çıxaraq əməliyyatın dayandırılmayacağı təqdirdə əlindəki qumbaranı partladacağını deyirdi. Buna görə qısa bir müddətə əməliyyat dayandırıldı. Tərəflər arasında aparılan danışıqdan sonra ermənilərə çıxış üçün dəhlizin yaradılması barədə razılığa gəlindi. MTN və polis əməkdaşları tərəfindən bu dəhliz yaradıldı. Bundan sonra Çaykənd ermənilərdən boşaldıldı. Təxribat qrupları zərərzisləşdirildi. Onlardan bəziləri əməliyyat zamanı öldürüldü, bəziləri isə qaçaraq əraizini tərk etdi. Artıq köç başlamışdı, dəhlizlə isə kənddə yaşayan və ərazini tərk etmək istəyən ermənilər Çaykənddən getmişdi.

May ayının 3-də Çaykənd əməliyyatı başa çatdı. Azərbaycan tərəfindən əməliyyata böyük canlı qüvvə və texnika cəlb olunmamışdı. Qeyd etməyi vacib hesab etdiyimiz detallardan biri budur ki, məhz Çaykənd əməliyyatı zamanı danışıqlarda məlum olmuşdu ki, ərazidəki dinc sakinlər orada yaşamaq istəmirlər və kəndi tərk etmək niyyətindədirlər. Bu o zaman diqqətə alınaraq, erməni cinayətkarların girovuna çevrilmiş insanların ərazini könüllü tərk etmələrinə şərait yaradılmışdı və onların təhlükəsizlikləri tam təmin olunmuşdu. Çaykənd, ümumiyyətlə, ermənilərdən tam azad olunmuşdu. Əməliyyatın nəticəsi olaraq axtarışda olan, qeyri-qanuni yollarla Azərbaycana gəlmiş və dövlətimizə qarşı döyüşmüş 13 erməni cinayətkar Çaykənddə həbs olunmuşdu.

Çaykənd yerləşdiyi ərazidə ən böyük kəndlərdən biri idi. Bu əməliyyatda ağır döyüşlər olmamışdı. Əməliyyata peşəkar hazırlıq aparılmışdı. Çaykənddə ermənilərin möhkəm mövqeləri var idi. Amma əməliyyatdan öncə aparılmış ciddi kəşfiyyat hazırlığı bu döyüşün çox uğurlu nəticələnməsinə səbəb olmuşdu. Qeyd etmək lazımdır ki, əməliyyatda Azərbaycanın güc strukturlarının qüvvələri ilə yanaşı, sovet ordusunun o zaman ölkəmizdə olan qüvvələri də iştirak edib. Mühasirəyə alınan erməni silahlıları Çaykənddə məğlubiyyətdən xilas ola bilməmişdilər. Çaykənd əməliyyatının uğurlu sonluqla bitməsində əməliyyatda iştirak edənlərin böyük ruh yüksəkliyi də xüsusi rol oynayıb.

MTN-in və polisin peşəkar zabitlərinin döyüşdüyü Çaykənd əməliyyatı Azərbaycanın müasir hərb tarixinin ən uğurlu səhifələrindən biri kimi yadda qalıb. Atəşkəs rejiminin tətbiq olunması ilə bağlı anlaşmanın imzalanmasına qədər belə xarakterli bir sıra uğurlu əməliyyatlar keçirilmişdi. Bu əməliyyatlarda MTN, polis və özünümüdafiə batalyonlarının müstəsna rolu olmuşdu.

Döyüşlərdə iştirak etmiş MTN zabiti Çaykənd əməliyyatı ilə bağlı bizimlə söhbətində bildirdi ki, bu əməliyyat çox yüksək peşəkarlıqla həyata keçirilmişdi. Biz əməliyyata gedəndə qələbə çalacağımızı bilirdik. Döyüşçülərdə böyük ruh yüksəkliyi vardı. Vətənpərvərlik əməliyyatda qələbəyə təkan verən əsas amillərdən idi. Təbiətin oyandığı o dövrdə döyüşə gedərkən biz VƏTƏN üçün ölməyə də hazır idik...

Tarix yaşanan, baş verən və yazılandır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti