...

Azərbaycan politoloqları ABŞ-ın hesabatında Qarabağla bağlı düzəlişləri şərh edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ Dövlət Departamenti dünyada insan haqlarına dair hesabatında Dağlıq Qarabağa dair hissəyə yenidən düzəliş edib. Azərbaycan dövlətinin etirazlarından sonra hesabatda "Erməni qüvvələri Dağlıq Qarabağa yaxın Azərbaycanın böyük hissəsini işğal altında saxlayır" ifadəsi "Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın ətraf yeddi rayonunu işğal etməkdə davam edir" ifadəsi ilə əvəzlənib.

Azərbaycanın politoloqları bu məsələ ilə bağlı şərhlər verirlər.

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə hesab edir ki, hesabatda hansı ifadələrin yer almasından asılı olmayaraq, ABŞ-ın Qarabağ problemi ilə bağlı mövqeyi aydır və birmənalıdır: "ABŞ arzu edir ki, Dağlıq Qarabağ məsələsi ermənilərin xeyrinə həll olunsun. Amma ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çünki bütün centlmen dövlətlər başqa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir, hörmətlə yanaşırlar. Eyni zamanda ABŞ, həmçinin Avropa ölkələri bütün fəaliyyətlərini ona yönəldirlər ki, Azərbaycan öz xoşu ilə Dağlıq Qarabağdan imtina etsin. Belə olan halda onlarının bu məsələdə Azərbaycan qarşısında təqsiri olmayacaq"-deyə Quluzadə bildirib.

Onun fikrincə, ABŞ Dövlət Departamentinin hesabatına bir neçə dəfə dəyişikliklər edilməsini anlaşılmazlıq kimi qəbul etmək lazımdır və bu anlaşılmazlıq artıq aradan qaldırılıb.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə sözügedən məsələyə Azərbaycan-Amerika strateji müttəfiqliyi nöqteyi-nəzərindən yanaşır. Mollazadənin fikrincə, Dövlət Deparamentinin öz hesabatına obyektiv düzəliş etməsi ABŞ-ın beynəlxalq hüquq normalarına dəstək verməsi və həmçinin Azərbaycanın bölgədə önəmini qəbul etməsi ilə əlaqədarlır: "Ona görə də bu hadisəni ABŞ-ın Azərbaycanla tərəfdaşlığın, müttəfiqliyin inkişaf perspektivi, həmçinin dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirirəm. Bu, artıq ikinci sənəddir, ABŞ Dövlət Deparamentindən əvvəl Avropa Şurasının Parlament Assambleyasında da beynəlxalq hüquqlara əsaslanan sənədlər qəbul edilib. Bütün beynəlxalq qurumlar belə ədalətli mövqe nümayiş etdirsələr, Ermənistan öz siyasətini dəyişdirməyə məcbur olar və sülhə nail oluna bilər"-deyə deputat Mollazadə vurğulayıb.

Politoloq Rasim Musabəyov hesabatda obyektiv vəziyyətə qayıdış hesab olunan düzəlişi Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirib. Musabəyov qeyd edir ki, Amerika rəsmilərinin, ABŞ dövlət katibinin müavini Metyu Brayzanın hesabatın ilkin variantının erməni lobbisinin təsiri altında onların xeyrinə dəyişdirilməsi faktını təkzib etməsi onun qeyri-səmimiliyini göstərir: "Bundan sonra ermənilər fəallaşa bilərlər, amma hər halda Dövlət Departamenti özünü gülünc vəziyyətə salaraq sənədə növbəti dəfə də dəyişiklik etməz. Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Azərbaycan maliyyə cəhətdən ABŞ-dan asılı deyil".

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğal altında saxlayır.

Xəbər lenti

Xəbər lenti