...

AMİP lideri ABŞ Dövlət Departamentinin nümayəndəsilə görüşüb

Siyasət Materials 27 Sentyabr 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ ABŞ hökuməti İranda insan haqlarının vəziyyətinin yaxşılaşmasına nail olmaq üçün Azərbaycana və Güney Azərbaycan məsələsinə böyük önəm verən təşkilatların yardımlarına ehtiyac duyur. Bu fikirləri ABŞ Dövlət Departamentinin insan haqları, demokratiya və əmək məsələləri üzrə məsul nümayəndəsi xanım Keyt Lur (Kate Lurie) Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla görüşündə bildirib. Bu barədə cümə axşamı Trend ə AMİP-dən məlumat verilib.

Görüşdə İranda insan hüquqlarının, demokratiyanın durumu barədə aparılan müzakirələr zamanı Məmmədov tarixə istinad edərək, İranın şimal hissəsinin qədim Azərbaycan əraziləri olduğunu deyib. O, bu ölkədə yaşayan azərbaycanlıların etnik baxımdan da çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Məmmədov Güney Azərbaycanda (İranın şimal hissəsi) yaşayan azərbaycanlıların fars hakimiyyətinin təqib və təzyiqləri ilə üzləşdiyini, ayrı-seçkilik və assimilyasiya siyasətinə məruz qaldığını bilidrib. AMİP lideri qeyd edib ki, Güney Azərbaycanda gedən milli- azadlıq hərəkatına, İran əhalisinin böyük hissəsini təşkil edən azərbaycanlıların hüquqlarının qorunmasına beynəlxalq qurumlar dəstək verməlidir.

Lur isə, bildirib ki, ABŞ hökumətini təkcə İranın nüvə proqramı deyil, eyni zamanda, orada insan hüquqları və demokratiyanın mövcud vəziyyəti də narahat edir.

Qeyri-rəsmi məlumatlara görə, İranda 35 milyon azərbaycanlı yaşayır.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti