Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir C.Babayeva/ Son vaxtlar Azərbaycanın eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) digər müxalifət birliklərinə meyl etməsi partiyanın Demokratik Seçki Mərkəzindən uzaqlaşdırılması üçün heç əsas ola bilməz. Bu barədə Trend a Mərkəzdə təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.
ACP liderinin müşaviri Zəminə Dünyamalıyevanın öncə Trend a bildirdiyinə görə, partiyanın "Azadlıq" blokuna daxil olması mümkündür. Müşavir bununla bağlı blokda təmsil olunan Xalq Cəbhəsi və Liberal partiyalarının sədrləri ilə danışıqlar aparıb.
Orucun sözlərinə görə, DSM-də təmsil olunan partiyalar qarşısında heç bir öhdəlik qoyulmayıb.
Yanvarın 30-da doqquz partiya - Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbacyan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.
"DSM-in cümə günü keçirilən iclasında Mərkəzin əsasnaməsi təsdiq olunub və ACP nümayəndəsi həmin sənədə imza atıb" - deyə Oruc bildirib.
ACP-nin sədr müavini Yaqub Abbasovun cümə günü Trend a bildirdiyinə görə, partiyanın heç bir siyasi bloka qoşulmaması barədə Ali Məclisin qərarı var.
"ACP-nin "Azadlıq" blokuna daxil olması məsələsi gündəmdə deyil" - deyə Abbasov bildirib.