...

Azərbaycan Parlamentində hökumətin istefası tələb olunub

Siyasət Materials 14 Mart 2008 13:33 (UTC +04:00)
Azərbaycan Parlamentində hökumətin istefası tələb olunub

Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Əlizadə/ Parlamentdə müxalifəti təmsil edən "Müsavat" deputat qrupu Azərbaycan hökumətinin (Nazirlər Kabinetinin) istefa verməsini tələb edib. "Hazırkı hökumətin fəaliyyətinin yaxşılaşdırılmasının yeganə yolu Nazirlər Kabinetinin istefaya getməsidir" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında "Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Azərbaycan hökuməti cümə günü Milli Məclis qarşısında ötən ilin sosial-iqtisadi yekunları ilə bağlı hesabat verib.

Hüseyn Baş nazir Artur Rasizadənin ötən ilin yekunları ilə bağlı hesabatını sərt tənqid edib.

"Bu gün Parlamentdə hökumətə etimad göstərilməsi məsələsi müzakirə olunur. Hesab edirəm ki, hazırkı hökumətə etimad göstərmək üçün heç bir əsas yoxdur, çünki 2007-ci ildə işğal altında olan Dağlıq Qarabağın ərazisindən bir qarış torpaq da azad olunmayıb. Əhalinin sosial- iqtisadi problemlərinin həlli üçün heç bir addım atılmayıb. Əhalinin aztəminatlı təbəqəsinin, pensiyaçıların, əlillərin sosial vəziyyəti 2006-cı illə müqayisədə ağırlaşıb və 2007-ci ildə həyat səviyyəsi daha da aşağı düşüb. 2008-ci ildə həyat səviyyəsi daha da aşağı düşəcək. Yeni iş yerlərinin açılması ilə bağlı göstərilən rəqəmlər reallığa uyğun deyil. Ona görə də hazırkı hökumət istefaya getməli və Nazirlər Kabineti yenidən formalaşdırılmalıdır" - deyə deputat əlavə edib.

Buna cavab olaraq, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, müxalifət Azərbaycanda görülən işlərə müsbət qiymət verə bilmir: "Mən hesab edirdim ki, heç olmasa bu il hökumətin fəaliyyəti ilə bağlı ciddi təhlil ortaya qoyulacaq, lakin müxalifət imicini dəyişməyib. Müxalifət hər yerdə qara eynəklə gəzir və bütün məsələləri qara rəngdə görür".

Digər müxalifətçi deputat Fazil Qəzənfəroğlu isə bildirib ki, hökumətə etimad göstərilməsi ilə bağlı Konstitusiyada nəzərdə tutulan müddəalara dəyişiklik edilməlidir, çünki əgər Parlament hökumətə etimadsızlıq göstərsə belə, prezident onu təsdiq etməsə, hökumət fəaliyətini davam etdirməlidir.

Xəbər lenti

Xəbər lenti