...

AŞPA-nın müşahidə missiyası Azərbaycanda prezident seçkisinin normal keçirilməsi üçün şəraitin yaradıldığını açıqlayıb (video)

Siyasət Materials 18 Sentyabr 2008 14:09 (UTC +04:00)
AŞPA-nın müşahidə missiyası Azərbaycanda prezident seçkisinin normal keçirilməsi üçün şəraitin yaradıldığını açıqlayıb (video)

Azərbaycan, Bakı, 18, sentyabr / Trend , müxbir İ.Əlizadə / Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda prezident seçkisiqabağı vəziyyəti qiymətləndirən beş nəfərlik nümayəndə heyəti seçkilərin normal keçirilməsi üçün şərait yaradan irəliləyişlər qeydə alıb.

"Həmin irəliləyişlərdə Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülən bir sıra tövsiyələr nəzərə alınıb, lakin edilən tövsiyələrin heç də hamısı tam şəkildə həyata keçirilməyib", Trend -un məlumatına görə, cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında AŞ PA müşahidə missiyasının rəhbəri Andres Herkel bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17-də başlayıb və 28 gün davam edəcək.

Herkelin rəhbərlik etdiyi AŞ PA-nın müşahidə missiyası sentyabrın 16-dan Bakıda bir sıra görüşlər keçirib.

AŞ PA-nın müşahidə missiyasının qəbul etdiyi bəyanatda bildirilib ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli həyata keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır.

"Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri bizimlə görüşlərdə bildiriblər ki, onların məqsədi yaxşı təşkil olunan və yaxşı idarə edilən, Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. Bu fikir nümayəndə heyəti tərəfindən məmnuniyyətlə qarşılanıb. Cəmiyyətin qarşıdan gələn seçkilərə maraqlı olmadığı barədə ehtimallardan narahat olan nümayəndə heyətinin qəti arzusu ondan ibarətdir ki, seçicilərin seçkiqabağı təbliğat kampaniyasına marağı getdikcə artsın", - Herkel əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti