...

Azərbaycan prezidenti İlham Əliyevin andicmə mərasiminə xarici ölkələrin hökumət nümayəndələri dəvət edilməyib

Siyasət Materials 22 Oktyabr 2008 12:13 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyevin andicmə mərasiminə xarici ölkələrin hökumət nümayəndələri dəvət edilməyib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Rəsmi Bakı Azərbaycan prezidenti İlham Əliyevin andicmə mərasiminə (inaqurasiya) xarici ölkələrin dövlət və hökumət nümayəndələrini dəvət etməyib.

"Azərbaycanda mövcud olan ənənəyə görə, prezidentin inaqurasiyasına başqa ölkələrin rəhbərləri və nümayəndələri dəvət olunmur", - çərşənbə günü Trend -a Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri Novruz Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü keçirdiyi iclasında prezident seçkisinin nəticələrini təsdiq edib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin nəticələrini təsdiq olunması üçün bazar günü Konstitusiya Məhkəməsinə təqdim edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanununa əsasən, məhkəmə prezident seçkisinin nəticələrini rəsmən səsvermə günündən sonra 14 gün ərzində elan edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox - 88.73 faiz, İqbal Ağazadə - 2, 86 faiz, Fazil Qəzənfəroğlu - 2,47 faiz, Qüdrət Həsənquliyev - 2,28 faiz, Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Fuad Əliyev - 0,78 faiz, Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən etibarən üç gün ərzində and içir. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Prezident Aparatının rəsmisi deyib ki, Azərbaycan bu dəfə də öz ənənəsinə əməl edəcək.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrinin nümayəndələri Azərbaycan prezidentinin inaqurasiya mərasimində iştirak etmək istəyirlər. Hətta, bir necə dövlət başçısı da inaqurasiyaya gəlmək istəyir və bununla bağlı mövqelərini bildirib.

"Hansısa ölkənin rəhbəri və ya nümayəndəsi öz istəyi ilə inaqurasiyada iştirak edə bilər", - deyə Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti