İranın Zahidan şəhərinin Əl-Qədir məscidində bir saat öncə bomba partladılıb. Bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, İranın Zahidan şəhərinin Şəhid Məzari Xiyabanında yerləşən Əl-Qədir məscidində bomba partlayıb. Partlayışı törədən şəxs və xəsarət alanlar barədə məlumat yoxdur.
"Fars" agentliyinin yaydığı məlumata əsasən, səs bombası daşıyan motosikletçi məscidin içinə keçə bilmədiyindən, bombanı məscidin qarşısında partladıb.
Hazırda heç bir qrup bu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. İranın cənub-şərqində yerləşən Zahidan şəhərinin əhalisi sünnidir. Hakimiyyətlə hərbi mübarizə aparan Cundullah təşkilatı bundan əvvəl Zahidanda dəfələrlə hakimiyyət və şiələrə qarşı terror aktı həyata keçirib. Keçən həftə, dörd İran hərbçisinin ölümü ilə məticələnən mina partlayışına görə məsuliyyəti bu təşkilat öz üzərinə götürüb.
Cundullah hakimiyyətdən sünni məzhəbli bəluç xalqının hüquqlarının qorunmasını tələb edir. İran bu təşkilatı terrorçuluqda ittiham edir.