Azərbaycan, Bakı, 06 may / Trend , müxbir Y.Оstapenko /
"Avropa Şurasının Yerevandakı bələdiyyə seçkiləri üzrə müşahidəçi missiyası belə qənaətə gəlib ki, mer funksiyası təhlükə altındadır. Səbəb isə iqtidaryönlü siyasi qruplaşmalarla müxalifət arasındakı qarşıdurmadır. Ancaq missiya bütün çətinliklərə baxmayaraq, hakimiyyətin mer seçkilərini lazımi səviyyədə təşkil edəcəyinə ümid edir", - AŞ-nin press-relizində deyilir.
"Biz Yerevan vətəndaşlarının həqiqi tələbatlarına bu münaqişə səbəbindən saymazyana yanaşılacağından narahatıq", - keçirilmiş missiyanın yekunlarına əsasən, nümayəndə heyətinin üzvlərindən biri Fabio Pelleqrini deyib.
Yerevanda mayın 31-də keçiriləcək ilk bələdiyyə seçkiləri ilə bağlı olaraq, AŞ Konqresinin yerli və regional hakimiyyət arasında seçkiqabağı missiyası mayın 3-6-da keçirilib. Nümayəndə heyətində Konqresin vitse-prezidenti Fabio Pelleqrini (İtaliya), Mişel Quiqan (Fransa) və Naycel Mermaqen (Böyük Britaniya) yer alıb.
"Missiyamızın gedişində toxunulan problemlərə baxmayaraq, biz əminik ki, Ermənistan rəhbərliyi bu seçkilərin Avropa standartlarına uyğun olaraq keçirilməsi üçün əllərindən gələni edəcəklər", - Quiqan deyib.
Missiya zamanı Konqresin nümayəndə heyəti hökumət və şəhər rəhbərliyinin üzvləri, siyasi fraksiyalardan olan namizədlərdən çoxu, QHT və KİV nümayəndələri, eləcə də Avropadan və başqa regionlardan olan dövlətlərin səfirlər qrupu ilə görüşüblər.
Nümayəndə heyəti üzvlərinin söhbət etdiyi insanlar bu seçkiləri həm yerli demokratiya, həm də ümumilikdə Ermənistandakı siyasi durum üçün vacib sayıblar. Konqresin nümayəndə heyəti belə qənatətə gəlib ki, seçkilərin düzgün keçirilməsinə qarşı təhlükə mövcuddur. Bura seçicilərin qeydiyyata alınması və səfərbərliyi, səslərin sayılması və seçkiqabağı kampaniya zamanı KİV-in obyektivliyi daxildir.
"Konqres bu seçkilərin vacibliyi və xüsusi xarakterini qəbul edir, - Mermaqen deyib. - Seçkilərin yeganə institusional müşahidəçiləri kimi, biz bu aspektləri missiyamız zamanı nəzərə alacağıq".
Yerevan merinin seçkilərinin fərqli cəhəti, onun Ermənistanın ən yeni tarixində ilk dəfə yalnız partiya siyahıları ilə keçirilməsidir. Əvvəllər Yerevan meri hökumət tərəfindən təyin edilirdi. "Yerevan haqqında" yeni qanunun qəbul edilməsindən sonra, 1990-cı illərin əvvəllərinə qədər mövcud olan şəhər deputatları şurasının bərpası və onların mer seçməsi hüququ bərpa olunub.
Səsvermənin yekun nəticələri iyunun 7-də elan ediləcək. Bir gün sonra isə şəhər deputatları şurasının ilk iclası açılacaq və orada mer seçiləcək. Yeni qanuna əsasən, səslərin 40 faizini və daha bir səs toplamış partiya və ya blokun siyahısında birinci duran şəxs avtomatik olaraq şəhərin meri təyin olunur. Heç bir siyasi qüvvə lazımi səsləri toplamazsa, şəhər deputatları şurasında namizədlər irəli sürülməli və mer seçilməlidir.
Yerevan merinin seçkilərində proporsional siyahılar üzrə iqtidar koalisiyasına daxil olan dörd partiya iştirak edir: "Çiçəklənən Ermənistan ", EDİF, Ermənistan Respublikaçı Partiyası, "Qanunluq ölkəsi". Müxalifətdən iştirak edənlər 18 partiyanı birləşdirən Erməni Milli Konqresi, Xalq və Əmək Sosialist partiyalarıdır. Mayın 2-də başlayacaq seçkiqabağı kampaniya mayın 29-da sona çatacaq.
AŞ Konqresi Ermənistandakı seçkiləri izləyəcək yeganə beynəlxalq institusional təşkilat olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]