...

Azərbaycanın hakim partiyası rəqiblərinin zəifliyindən təəssüflənir

Siyasət Materials 15 Sentyabr 2009 13:40 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) rəqiblərinin zəifliyindən təəssüflənir.
Azərbaycanın hakim partiyası rəqiblərinin zəifliyindən təəssüflənir

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva /

Hakim Yeni Azərbaycan Partiyası (YAP) rəqiblərinin zəifliyindən təəssüflənir.

"Müxalifət neçə illər ərzində heç bir dəyişikliyə məruz qalmayıb və ümumiyyətlə dəyişiklik haqqında düşünməyib. Heç bir zaman həyata keçirdikləri, müəyyənləşdirdikləri xəttin indiki insanların baxışları və tələbatları ilə uyğun gəlmədiyi barəsində düşünüb, onu dəyişmək haqqında bir addım atmayıblar. Təbii ki, bu qədər durğunlaşmış, ətalət halında olan siyasi təşkilatların ictimai dəstək güdməsi tamamilə əsassız olardı və bu da yoxdur", - Tren News-un məlumatına görə, bu barədə çərşənbə axşamı YAP-ın sədr müavini, icraçı katibi Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində bildirib.

Əhmədovun fikrincə, Azərbaycan müxalifəti artıq illərdir ki, donmuş, inersiya vəziyyətində yaşamaqdadır. "Cəmiyyət inersiya və durğunluğu sevmir. Cəmiyyət hərəkəti, yeniləşməni, dəyişikliyi sevir. Cəmiyyət özü dəyişir, yeni nəsillər meydana gəlir və bu yeni nəsillərin həyata öz baxışları, öz düşüncələri, dünyagörüşləri var. Bütün bunlar hamısı da yeni hədəfləri müəyyənləşdirir. Əgər partiya, onun müəyyənləşdirdiyi siyasət, o cümlədən də hökumət və onun həyata keçirdiyi siyasət bütün bunlara uyğunlaşmasa, yəni hərəkətdə olmasa, dəyişiklik olmasa, insanlar tərəfindən dəstəklənə bilməz", - YAP rəsmisi bildirib.

Müxalifətin bələdiyyə seçkisi öncəsi şəraitdən narazı olduğuna gəlincə, Əhmədov bildirib ki, bu dəyərləndirmələrin arxasında həmin partiyaların daha çox seçkidə iştirakına əsas verə biləcək potensialın olmaması faktı dayanır. "Bələdiyyə seçkisində iştirak edən partiyalar minlərlə layiqli namizəd müəyyənləşdirib irəli sürməlidir. Əgər partiya seçkilərdə iştirak edəcəksə, partiya tərəfindən 20 minə yaxın namizəd irəli sürülməlidir. Bu, partiyanın böyük potensilanın olmasından irəli gəlir", - o deyib.

Əhmədov hesab edir ki, bir sıra partiyaların bələdiyyə seçkisində iştirak etmək üçün tələb olunan zəruri potensialı və imkanları yoxdur. "Çox təəssüf hissi ilə bildirmək lazımdır ki, həmin partiyalar bu gerçəkliklərini etiraf etmək əvəzinə, Azərbaycana böhtan atmaq yolunu tuturlar", - o bildirib.

Sədr müavininin sözlərinə görə, hakim partiya seçki kampaniyasının ciddi bir rəqabət şəraitində keçməsində maraqlıdır. "Potensialımız özümüzə də, cəmiyyətə də məlumdur. İstərdik ki, bu potensialımızı ciddi rəqabət şəraitində ortaya qoyaq, nümayiş etdirək və inanıram ki, həmişə olduğu kimi, bu dəfə də qalib gələcəyik", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti