Azərbaycan, Bakı, 17 iyun /Trend/
Azərbaycanın milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyət müddətini bitirmiş Tun Vandenhuvu və yeni rəhbər təyin olunmuş xanım Şerin Pollinini qəbul edib. Bu barədə Dövlət Komissiyasının məlumatında deyilir.
Komissiyasının sədri Eldar Mahmudov Tun Vandenhuvun Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib. Mahmudov xanım Şerin Pollinini Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Komissiyanın sədri ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarışılıqlı faydalı olduğunu qeyd edib. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması işinin Komissiyanın fəaliyyətinin prioritet istiqaməti olduğunu diqqətə çatdıraraq, hazırda 4090 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçdiyini, münaqişə dövrü ərzində 1397 nəfərin erməni əsir-girovluğundan azad edildiyini, son 5 ildə isə Komissiyanın işçi qrupu tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 977 nəfərin taleyinə aydınlıq gətirildiyini, elə bu müddətdə də 19 azərbaycanlının əsir-girovluqdan azad edildiyini və müqabil tərəfə 20 erməninin təhvil verildiyini bildirib.
Sədr Eldar Mahmudov 2008-ci il aprelin 14-də Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunmasına dair" çərçivə sazişinin müddəaları üzrə zəruri tədbirlərin də həyata keçirildiyini qeyd edib.
Tun Vandenhuv və xanım Şerin Pollini səmimi qəbula və dolğun məlumata, görüşdən aldıqları təəssürata görə Dövlət Komissiyasının sədri Eldar Mahmudova təşəkkürlərini bildiriblər. Vandenhuv itkin düşmüş, əsir və girov götürülmüş insanlar barədə məlumatların toplanmasının çox ağır proses olduğunu vurğulayaraq, münaqişə qurbanlarının taleyinə aydınlıq gətirilməsi işində təmsil etdiyi qurumla Dövlət Komissiyası arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını və bu istiqamətdə göstərdikləri yardıma görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi ümumiyyətlə Komissiya sədri və işçi qrupu ilə keçirilən görüşlərdən, aparılmış müzakirələrdən və onların nəticələrindən razı qaldığını qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.