...

Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur - Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 24 Noyabr 2010 02:20 (UTC +04:00)
Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur - Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

RED. əlavəsi: Azərbaycan Prezidentinin nitqi əlavə olunub

Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Avropa və Asiyada ilk neft-qaz tədris müəssisəsi olan ADNA 1920-ci ilin noyabrında yaradılmışdır. Azərbaycan Dövlət Neft Akademiyası fəaliyyəti dövründə milli təhsilimizin inkişafında xüsusi rol oynamışdır. Bir çox ali məktəblər məhz Dövlət Neft Akademiyasının bazasında yaradılmışdır. Bu gün ADNA-da 53 kafedra, 724 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Bir neçə elmi institutu və 18 elmi-tədqiqat laboratoriyasını birləşdirən ADNA-da 7539 tələbə təhsil alır. Onlardan 593 nəfəri xarici ölkələrin vətəndaşıdır. İndi bu təhsil ocağı 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır.

Bu ilin fevralında Prezident İlham Əliyev ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, akademiyanın 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır.

Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı ilə tanış oldu. Burada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətinin bütün dövrləri əks olunmuşdur. Müxtəlif vaxtlarda çəkilən fotoşəkillər dahi rəhbərin ölkəmizin həyatının müxtəlif sahələrinin tərəqqisi, təhsilin, mədəniyyətin və xüsusilə də neft sənayesinin inkişafı ilə bağlı həyata keçirdiyi irimiqyaslı işləri dolğun təcəssüm etdirir.

Akademiyada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirdikləri böyük işləri əks etdirən fotoguşələr də yaradılmışdır.

Prezident İlham Əliyev ADNA-nın tarix muzeyi ilə də tanış oldu. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, muzeydə akademiyanın yaradılması, inkişaf dövrləri tam əhatə edilmişdir. Burada Azərbaycan neftinin tarixi, ölkəmizdə neft sənayesinin inkişafı ilə bağlı hələ XIX əsrdən bu yana görülən işlər, bir çox alimlərin Azərbaycanın neft sənayesi ilə bağlı apardığı tədqiqatları əks etdirən kitablar və sənədlər nümayiş etdirilir. Akademiyanın həyatını, burada təhsilin ilkin dövrlərini əks etdirən fotolar və sənədlər də muzeyə gələnlərdə maraq doğurur. Muzeyin ən qiymətli eksponatları sırasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 1939-1941-ci illərdə bu ali təhsil ocağında oxuduğunu əks etdirən sənədlər diqqəti daha çox çəkir. Ümummilli lider hər zaman bu ali təhsil ocağının inkişafını diqqətdə saxlamışdır. Ulu öndər akademiyanın 60 və 80 illik yubileylərində iştirak etməklə bu ali təhsil ocağına layiq olduğu qiyməti vermişdir.

Muzeydə müasir Azərbaycanın neft sənayesində görülən işlər, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurlarını əks etdirən fotolar da maraq doğurur.

Muzeylə tanışlıqdan sonra dövlət və hökumət nümayəndələrinin, xaricdən dəvət olunan qonaqların iştirakı ilə akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. 

İlham Əliyevin sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyası ölkənin aparıcı ali məktəblərindən biridir. 

"Akademiyanın çox böyük və şanlı tarixi vardır. 1920-ci ildə təsis edilmiş bu ali məktəb bütün dövrlərdə Azərbaycan elminə, Azərbaycan təhsilinə çox böyük töhfələr vermişdir. Siz yaxşı bilirsiniz ki, bu ali məktəbin müxtəlif dövrlərdə müxtəlif adları olmuşdur. Politexnik İnstitutu kimi təsis edilmiş, sonra Neft İnstitutu, Sənaye İnstitutu, Azərbaycan Neft və Kimya İnstitutu və nəhayət, Azərbaycan Neft Akademiyası adını qazanmışdır. Ancaq daşıdığı addan asılı olmayaraq, bütün dövrlərdə akademiyada təhsil alan tələbələr, onların böyük əksəriyyəti həm Azərbaycanın, həm Sovet İttifaqının, həm də başqa ölkələrin neft-qaz sənayesinə böyük töhfələr vermişdir.

Bütün dövrlərdə burada təhsil yüksək səviyyədə olmuşdur. Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya tanıdan ali məktəb olmuşdur. Mən çox şadam ki, bu gün bu gözəl ənənələr yaşayır, davam etdirilir. Bu gün akademiyada çalışan insanlar - professor-müəllim heyəti, görkəmli alimlərimiz müstəqil Azərbaycanın inkişafına dəyərli töhfələrini verirlər, müstəqil Azərbaycan üçün peşəkar kadrlar hazırlayırlar. O kadrlar ki, uzun illər bundan sonra Azərbaycanın əsas iqtisadi sahəsi olan neft-qaz sektorunun inkişafında sözlərini deyəcəklər.

Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o illər həmişə əziz illər kimi onun xatirəsində qalmışdı. Heydər Əliyev inşaat fakültəsinin memarlıq bölməsində oxumuşdur və mən yaxşı bilirəm ki, onun o illərlə bağlı çox əziz xatirələri var idi. Bəlkə də gənclik illərinin ən yaddaqalan xatirələri məhz bu ali məktəbdə keçirdiyi dövrlə bağlı olmuşdur.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Neft və Kimya İnstitutunun inkişafına böyük diqqət göstərmişdir. Həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə akademiyada gedən proseslər daim onun diqqət mərkəzində olmuşdur. Akademiyanın əməkdaşları yaxşı xatırlayırlar ki, 10 il bundan əvvəl akademiyanın 80 illik yubileyində Heydər Əliyev iştirak etmişdir, ürək sözlərini bildirmişdir.

Akademiyanın hazırda beynəlxalq əlaqələri də yüksək səviyyədədir. Mən çox şadam ki, bu gözəl ənənə davam edir və Sovet İttifaqı zamanında təbii ki, mərkəzləşdirilmiş qaydada buraya xaricdən tələbələr göndərilirdi. Ancaq bu gün artıq xaricdən olan tələbələrin sayının artması onu göstərir ki, bu ali məktəbdə təhsil həqiqətən yüksək səviyyədədir. Burada təhsil almaq üçün gələn xarici tələbələr əminəm ki, Azərbaycandan vətənə ən xoş arzularla qayıdacaqlar. Müxtəlif dövrlərdə burada 10 minə qədər xarici tələbə təhsil almışdır, onlar istər-istəməz ömrünün sonuna qədər o illəri xatırlayacaqlar. Onların həyatının müəyyən hissəsi Azərbaycanla bağlıdır və əlbəttə ki, beynəlxalq əlaqələrimizin gələcək inkişafı üçün bu amil öz rolunu oynayacaqdır", deyə dövlət başçısı bildirib. 

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. 

"Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcəkdir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır. Bildiyiniz kimi, bizim demək olar ki, bütün ali məktəblərimizdə maddi-texniki baza möhkəmlənibdir, təmir, yenidənqurma işləri aparılıbdır, lazımi avadanlıqlar əldə edilibdir. Orta məktəblərdə də buna oxşar proseslər gedir. Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər həllini tapsın. Bildiyiniz kimi, dövlətin təhsil məsələlərinə olan diqqətini biz, eyni zamanda, təhsilə ayrılan xərclər ilə də ölçə bilərik. Bu xərclər ildən-ilə artır və Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı. Biz təhsilə ayrılan xərclərdən çox böyük səmərə ilə istifadə etməliyik. Bir daha demək istəyirəm ki, son illər Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq.

Bununla bərabər, gənclərimiz əlbəttə ki, milli dəyərlər əsasında qurulmuş azərbaycançılıq, müstəqillik ideologiyaları ilə dəstəklənməlidirlər. Milli dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Məhz milli dəyərlərimiz, ənənələrimiz bizi əsrlər boyu assimilyasiyadan qorumuşdur. Biz müxtəlif imperiyaların, ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Ancaq buna baxmayaraq, milli identikliyimizi saxlaya, qoruya bilmişik. Məhz ona görə ki, milli dəyərlərimizə münasibətimiz həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün də gənc nəslin tərbiyə olunmasında, formalaşmasında və Azərbaycanın uzunmüddətli, dayanıqlı, müstəqil ölkə kimi yaşamasında milli dəyərlərə bağlılığımız müstəsna rol oynayır. Mən çox istəyirəm ki, bizim bütün ali məktəblərdə gənclərimiz yüksək peşəkarlıqla yanaşı, məhz milli dəyərlərimizi unutmasınlar.

Bu gün biz qloballaşan dünyada yaşayırıq. Qloballaşmanın həm müsbət, həm də ki, mənfi tərəfləri vardır. Bu barədə artıq açıq danışılır və bu barədə dünyada gedən diskussiyalar çox böyük maraq doğurur. Biz əlbəttə ki, dünya birliyinin bir parçasıyıq. Azərbaycan müstəqil, gənc, dinamik və açıq ölkədir. Biz açıq qapılar siyasəti aparırıq. Ancaq buna baxmayaraq, milli dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz bizim üçün həm dayaqdır, həm əsasdır, həm də ki, gələcəyə aparan yoldur. Mən çox istəyirəm və çox şadam ki, gənclərimiz məhz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alırlar, böyüyürlər və ölkəmiz üçün gələcəkdə böyük işlər görəcəklər.

Biz elə etməliyik ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını icra edək. Bu strategiyanın müxtəlif istiqamətləri vardır. İlk növbədə, Azərbaycan bu gün müstəqil ölkə kimi tam formalaşıbdır. Mən hesab edirəm ki, biz bir neçə il bundan əvvəl, artıq keçid dövrümüzü başa vurmuşuq. Bu gün artıq Azərbaycan keçid dövrünü yaşayan ölkə deyil və bu, bizim uğurumuzdur. Biz bir ictimai-siyasi quruluşdan başqa ictimai-siyasi quruluşa çox böyük sürətlə və uğurla keçə bilmişik", - Azərbaycan Prezidenti deyib. 

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, açıq, öz resurslarına güvənən ölkədir. 

"Bizim iqtisadi uğurlarımız siyasi uğurlarımızı dəstəkləyir və siyasi təşəbbüslərin irəli sürülməsi üçün böyük dayaqdır. Ona görə, iqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini gücləndirən amillərdir.

Bu gün Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Keçən il başlanan və hələ də dünyada davam edən iqtisadi böhran bunu bir daha göstərmişdir. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Bu ağır sınaqdan ona görə şərəflə çıxa bilmişik ki, iqtisadiyyatımız düzgün əsaslar üzərində qurulubdur.

Mən Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini çox böyük nikbinliklə qeyd edirəm. Biz hər beş il üçün strateji xətt əsasında müvafiq planlar, proqramlar tərtib edirik. Onların hamısı artıqlanması ilə icra edilir. Bizim böyük təbii resurslarımız vardır. Əlbəttə ki, bu da imkanlarımızı artırır. Ancaq dünyada təbii resurslarla zəngin olan bir çox ölkələr var ki, orada bu resurslar heç də hər zaman uğur gətirmir, uğurun əldə olunması üçün şərait yaratmır. Əksinə, varlılarla kasıblar arasında fərq daha da böyüyür. Biz əlbəttə ki, neft strategiyamızı və iqtisadi prioritetlərimizi müəyyən edərkən həm müsbət, həm mənfi təcrübəni öyrənmişik. Azərbaycanda son altı il ərzində yoxsulluq səviyyəsinin 49 faizdən 11 faizə düşməsi ən gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda təbii resurslardan əldə olunmuş gəlirlər ədalətli bölünür. Onu göstərir ki, Azərbaycan cəmiyyətində təbəqələşmə getmir, əksinə, insanlar arasında gəlir baxımından fərqlər azalır. Onu göstərir ki, Azərbaycanda çox mükəmməl və şəffaf idarəetmə, o cümlədən resursların idarə edilməsi sahəsində sistem yaradılıbdır. Bir sözlə, iqtisadi islahatların davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcəkdir.

Qarşımızda duran vəzifələri icra etmək üçün, ilk növbədə hazırda bizə peşəkar kadrlar lazımdır. Çünki bu gün Azərbaycan iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye potensialı çox sürətlə inkişaf edir. Biz iqtisadi islahatlardan ölkəmizin sənayeləşməsinə qədər çox qısa və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda yaradılmış və yaranmaqda olan, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri iqtisadi inkişafımızı onilliklər bundan sonra da təmin edəcəkdir.

Əfsuslar olsun ki, təbii resurslar gec-tez tükənir. Nə vaxtsa biz də bu vəziyyətlə üzləşəcəyik. Biz hazır olmalıyıq. Biz hazır olmalıyıq ki, neft-qaz resurslarımız 50 ildən, 100 ildən sonra azalanda güclü sənaye potensialımız olsun, Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafı hesabına yaşasın və yaxşı yaşasın. Ona görə sənayemizin inkişafı, iqtisadi islahatlarımız bizdə çox peşəkar, müasir kadrlar hazırlanmasını tələb edir. Bu sahədə başlıca vəzifə əlbəttə ki, ali məktəblərin üzərinə düşür. Əlbəttə, biz bundan sonra da çalışacağıq ki, gənclərimizi dünyanın aparıcı ali məktəblərinə göndərək. Bildiyiniz kimi, bu proqram artıq bir neçə ildir ki, icra edilir.

Hər il yüzlərlə gəncimiz Azərbaycan Dövlət Neft Fondunun hesabına dünyanın aparıcı ali məktəblərinə ezam olunur, orada oxuyur. Ümid edirəm ki, onların böyük əksəriyyəti Vətənə qayıdacaq və öz biliklərini Vətənin inkişafına sərf edəcəklər.

Ancaq, bu, yaranan peşəkar kadr problemini həll etmir. Əsas kadr hazırlığı əlbəttə ki, ölkə daxilində həll olunmalıdır. Bu məqsədlə biz, yenə də demək istəyirəm ki, təhsil sahəsində kompleks tədbirlərin görülməsini nəzərdə tuturuq. Uşaqlarımız kiçik yaşlarından informasiya-kommunikasiya texnologiyaları ilə tanış olmalıdırlar. Bu sahədə çox böyük irəliləyiş əldə olunubdur. Bu gün məktəblərimizdə hər 20 şagirdə bir kompyuter vardır. Halbuki bir neçə il bundan əvvəl məktəblərdə min şagirdə bir kompyuter var idi. O da elə dekorasiya naminə orada qoyulmuşdur, heç kim ondan istifadə edə bilmirdi. Biz nəinki bu proqramı tezliklə icra etdik, hətta indi ən ucqar kəndlərdə kompyuter sinifləri vardır. Mən hər dəfə ucqar bölgələrdə olarkən yoxlayıram, baxıram və görürəm ki, bu kompyuterlər işləyir. Yəni, bu dekorasiya üçün qoyulmayıb ki, mənə göstərsinlər. Yoxlayıram, baxıram, görürəm ki, uşaqlarımız ən ucqar dağ rayonlarında, paytaxtdan uzaqda yerləşən bölgələrdə artıq informasiya-kommunikasiya texnologiyaları ilə tanışdılar" deyə İlham Əliyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycanın artan iqtisadi inkişafı artıq reallıqdır. 

"Biz yaxşı bilirik ki, beş ildən, yaxud da ki, 10 ildən sonra Azərbaycanın iqtisadi və sənaye potensialı nədən ibarət olacaqdır. Kadr hazırlığımızı da o artan səviyyəyə uyğunlaşdırmalıyıq.

Ona görə bir daha demək istəyirəm ki, peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq. Baxın, bu gün Azərbaycana dünyada mövcud olan ən qabaqcıl texnologiyalar gətirilir. Bütün sahələrə ən qabaqcıl, ən gözəl xidmət infrastrukturunu müəyyən edən avadanlıq gətirilir. Tikinti gedir, ölkə müasirləşir. Biz ən gözəl nümunələri Azərbaycana gətiririk, istər memarlıq, istər texnologiya sahələrində. Biz elə etməliyik ki, ölkəmiz sözün əsl mənasında müasir ölkə olsun. Biz bəzi hallarda çalışırıq ki, zamanı qabaqlayaq. Hələ dünyada təzə-təzə yaranan avadanlığı Azərbaycana gətiririk və onlardan istifadə etmək üçün təcrübə toplayırıq. Ona görə, bir daha demək istəyirəm ki, kadrların hazırlanması ümumxalq işimizdir. Əlbəttə ki, bu məsələnin əsas yükü ali məktəblərin üzərindədir. Ümid edirəm ki, biz bu sahədə daha da ciddi nəticələri görəcəyik.

Bir daha demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Akademiyasının ölkəmizin inkişafında müstəsna xidmətləri vardır. Heydər Əliyev neft strategiyasının icrası nəticəsində biz neft-qaz sənayesinin inkişafına, yenidən qurulmasına, canlanmasına nail ola bilmişik. Burada əyləşənlər, əlbəttə, yaxşı bilirlər ki, vaxtilə neft ölkəsi kimi dünyada özünü tanıdan Azərbaycan 1990-cı illərin əvvəllərində artıq o şöhrətini itirirdi. Çünki qaz hasilatı böyük dərəcədə aşağı düşmüşdü. Biz özümüzü qazla təmin edə bilmirdik. Beləliklə, ölkəmizin böyük hissəsi qazsız qalmışdı. Neft hasilatı kəskin surətdə aşağı düşmüşdü və artıq biz özümüz özümüzü neftlə güclə təmin edə bilirdik. Əgər belə davam etsəydi, əlbəttə ki, bu gün Azərbaycan nəinki neft-qaz sahəsində, ümumiyyətlə, iqtisadi cəhətdən bəlkə də ən geridə qalmış ölkələrin arasında ola bilərdi. Nəzərə alsaq ki, 1990-cı illərin əvvəllərində gedən xoşagəlməz proseslər, iqtisadiyyatın və sənayenin tənəzzülü, siyasi böhran, vətəndaş qarşıdurması və sair mənfi amillər ölkəmizi uçurum kənarına qoymuşdu. Əgər biz iqtisadi sahəni də əlavə etsək və əgər bu sahədə irəliləyiş olmasaydı, onda ölkəmizin, ümumiyyətlə gələcəyi haqqında ən pessimist proqnozlar özünü doğrulda bilərdi. Ona görə Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi, neft strategiyasının icrası nəticəsində biz bu sahədə və bütövlükdə ölkədə gedən proseslərdə ciddi dönüş yarada bildik. Hasilatın artırılması, xarici investisiyaların cəlb olunması, investorlar üçün cəlbedici şəraitin yaradılması, milli maraqların tam şəkildə qorunması, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, neft-qaz kəmərlərinin tikintisi, böyük neft-qaz yataqlarının işlənilməsi, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" neft-qaz layihələrinin icrası nəticəsində bu gün biz bu uğurlardan danışa bilirik. Biz realist olmalıyıq" dövlət başçısı qeyd edib.

Əlbəttə, bu gün biz çalışırıq ki, neft-qaz amilindən asılı olmayaq, Azərbaycan prezidenti deyib. 

"Bizim strateji xəttimiz bundan ibarətdir. Biz istəyirik ki, qeyri-neft sektoru inkişaf etsin. Ancaq gərək biz, bütün məsələlərə reallıq baxımından yanaşaq. Əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?! Pulumuz, maliyyə resurslarımız yox idi. 1990-cı illərin əvvəllərində xəzinə boş idi. Orada olan-qalan vəsait də talan edilmişdi. 1990-cı illərin əvvəllərində xarici maliyyə qurumları Azərbaycana çox riskli ölkə kimi baxırdı və bizə heç kim kredit vermək istəmirdi. Bu gün biz bu problemlə üzləşmirik. Azərbaycana xaricdən istənilən həcmdə maliyyə resursları gətirə bilərik və bəzi hallarda bizə olan təklif tələbatımızdan daha da artıqdır. Ancaq o illərdə kim bizə kredit verə bilərdi, bilə-bilə ki, o kredit heç vaxt qaytarılmayacaqdır.

Ona görə neft strategiyasının icra edilməsi bizim üçün yeganə çıxış yolu idi. Ancaq biz o strategiyanı Heydər Əliyevin rəhbərliyi ilə çox çətin geosiyasi vəziyyətdə icra etməyə başlamışdıq. Biz hamımız yaxşı bilirik ki, neft-qaz təşəbbüslərimiz bəzi hallarda böyük müqavimətlə üzləşirdi. Bəzi hallarda ölkə daxilində, - əfsuslar olsun ki, belə hallar da olub, - bir çox hallarda ölkəmizin xaricində. Əgər o təzyiqlərə dözməsəydik, qətiyyət və cəsarət göstərməsəydik, biz bu yoldan kənara çıxa bilərdik və o, bizim ölkəmiz üçün faciə ola bilərdi. Ona görə bu tarixi biz yaxşı bilirik və yaddan çıxarmamalıyıq. Bu gün, bəli, Azərbaycan dünya enerji bazarında özünəməxsus yeri ilə oturuşmuş ölkə, etibarlı tərəfdaş kimi özünü göstəribdir. Hər kəs bununla razılaşmalıdır və razılaşır. Çünki bu, reallıqdır, reallığı inkar etmək olmaz. Ancaq bu reallıq göydən düşməyib. Bu reallığı səylərimizlə, bəzi hallarda, sözün yaxşı mənasında, inadkarlığımızla, qətiyyətlə və cəsarətlə özümüz yaratmışıq.

Bu gün Azərbaycanın neft-qaz sektoru intibah dövrünü yaşayır. Neft hasilatımız 1990-cı illərin əvvəlində olan hasilatla müqayisədə 5-6 dəfə artıbdır, qaz hasilatımız da həmçinin. Perspektivlərimiz daha da ürəkaçandır. Həm neft, həm qaz sektorunda indi aparılan işlər bir neçə ildən sonra yeni bir vəziyyətin yaranmasına gətirib çıxaracaqdır. Biz artıq dünya enerji xəritəsində öz imzamızı qoymuşuq. Təşəbbüsümüzlə çəkilən neft-qaz kəmərləri bütün yolları, bütün bazarları bizim üçün açıq edibdir. Bizim şaxələndirilmiş infrastrukturumuz, maliyyə resurslarımız vardır. Biz əldə olunan gəlirləri Neft Fondunun yaradılması və fəaliyyəti nəticəsində qoruya bilmişik. İldən-ilə Neft Fondunda yığılan vəsait artır. Baxmayaraq ki, keçən böhran ilində neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, yenə də biz o vəsaitdən elə qənaətlə istifadə etdik ki, həm ölkədə işlər getsin, həm də orada məbləğ azalmasın. Bu məbləğ getdikcə artır.

Biz bu gün istənilən böyük maliyyə resurslarını tələb edən layihəni öz gücümüzlə icra edə bilərik. Bu, böyük uğurdur, böyük dəyərdir", - dövlət başçısı qeyd edib. 

İlham Əliyevin sözlərinə görə, müstəqillik ancaq güclü iqtisadiyyat üzərində qurula bilər. 

"Müstəqillik bizim üçün hər şeydən üstündür. Bundan üstün bir şey ola bilməz. Biz bu müstəqilliyi möhkəmləndirməliyik. Müstəqil siyasət aparmaq, iqtisadi, o cümlədən enerji sahəsində müstəqil təşəbbüsləri irəli sürmək böyük imkanlar tələb edir - həm maliyyə, həm iqtisadi, həm siyasi cəhətdən. Azərbaycan cəmiyyətində bu məsələlərlə bağlı vahid fikrin formalaşması, əlbəttə ki, mövqelərimizi gücləndirir. Bir daha demək istəyirəm ki, neft-qaz sektorunda vaxtilə Azərbaycan tərəfindən irəli sürülmüş və bu gün irəli sürülən layihələr həlledici rol oynayır. Bu gün Azərbaycanın iştirakı olmadan enerji sahəsində və həmçinin nəqliyyat və iqtisadiyyat sahələrində heç bir təşəbbüs irəli sürülə bilməz. Azərbaycanın iştirakı və razılığı olmadan hər bir halda bu geniş bölgədə enerji məsələləri öz həllini tapa bilməz. Bizim isə bu sahədə siyasətimiz birmənalıdır. Biz enerji resurslarımızdan ancaq əməkdaşlığın dərinləşməsi üçün istifadə etməyə çalışırıq, buna nail olmaq istəyirik. Biz enerji imkanlarımızdan heç vaxt başqa məqsədlə istifadə etməmişik və etməyəcəyik. Biz bu imkanlardan ancaq bölgədə ölkələr arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi, milli maraqlarımızın təmin edilməsi və Azərbaycanın qüdrətlənməsi üçün istifadə edirik və edəcəyik.

Əlbəttə ki, uğurlu neft strategiyamızın davam etdirilməsi üçün Azərbaycan Dövlət Neft Akademiyasının çox böyük rolu vardır. Əgər 1994-cü ildə imzalanmış kontraktın icrasında mütəxəssislərimiz iştirak etməsəydilər, biz kontraktın imzalanmasından cəmi 3 il keçəndən sonra ilk nefti hasil edə bilməzdik. Bu, dünya enerji-neft

praktikasında nadir bir təcrübə idi. Adətən, kontrakt bağlanandan 10 il, bəzən 15 ildən sonra birinci neft hasil edilir. Bizdə isə 1994-cü ildə kontrakt bağlandı, 1997-ci ildə ilk neft hasil edildi. Mütəxəssislərimiz, Dövlət Neft Akademiyasında təhsil almış mütəxəssislər, mühəndislər, alimlərimiz bu neft strategiyasının uğurla icra edilməsində çox böyük rol oynamışlar. Mən bunu çox yüksək qiymətləndirirəm və demək istəyirəm ki, gələcəkdə görüləcək işlər çoxdur. Neft-qaz strategiyamız uğurla icra edilir və bu, uzunmüddətli strategiyadır. Onilliklər bundan sonra Azərbaycan bu sahədə, bu bölgədə aparıcı rolunu qoruyub saxlayacaqdır" - dövlət başçısı deyib.

Xəbər lenti

Xəbər lenti